Cəmiyyət

Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.

      Müasir dövrdə demokratik və hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biri cəmiyyətdə gender bərabərliyinin təmin olunmasıdır. Bu baxımdan Azərbaycan Respublikasında qadınların hüquqlarının müdafiəsi, onların sosial, siyasi və iqtisadi həyatda fəal iştirakının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

     Tarixən Azərbaycan cəmiyyətində qadınlara böyük hörmət və ehtiram göstərilmişdir. Hələ 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi ölkənin demokratik dəyərlərə sadiqliyinin bariz nümunəsi olmuşdur. Bu addım Azərbaycanı Şərqdə qadınlara seçki hüququ verən ilk dövlətlərdən birinə çevirmişdir.

     Müstəqillik illərində qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm dövlət proqramları və hüquqi sənədlər qəbul edilmişdir. Bu siyasətin formalaşmasında və həyata keçirilməsində Ümummilli Lider      Heydər Əliyev xüsusi rol oynamışdır. Onun rəhbərliyi dövründə qadınların cəmiyyətin bütün sahələrində iştirakının genişləndirilməsi, onların hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

1998-ci ildə imzalanmış fərman əsasında qadın problemləri ilə məşğul olan xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət   Komitəsi yaradılmışdır. Sonradan bu qurumun fəaliyyət dairəsi genişləndirilərək      Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi   kimi fəaliyyət göstərməyə başlamışdır. Bu qurum qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirir.

      Bu gün Azərbaycanda qadınlar dövlət idarəçiliyində, parlamentdə, elm və təhsil sahəsində, mədəniyyət və iqtisadiyyatın müxtəlif sahələrində fəal iştirak edirlər.  Dövlət tərəfindən həyata keçirilən sosial proqramlar qadınların məşğulluğunun artırılmasına, onların sahibkarlıq fəaliyyətinə dəstək verilməsinə və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

     Beləliklə, qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır və bu sahədə həyata keçirilən tədbirlər cəmiyyətin davamlı inkişafına mühüm töhfə verir.

          Gülnarə Fərəcova

 Saatlı Rayon Mərkəzi Kitabxananın əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir