Yaxın Şərqdə son günlər baş verən hərbi gərginlik region ölkələrində siyasi və humanitar narahatlıqla yanaşı, iqtisadi proseslərə də təsirsiz ötüşmür. Xüsusilə İran ətrafında baş verən hadisələr regionun ticarət və logistika zəncirində ciddi dəyişikliklərə səbəb olub. Son məlumatlara görə, bölgədə hərbi gərginlik hələ də tam səngiməyib və bu vəziyyət qonşu ölkələr, o cümlədən Azərbaycan üçün də müəyyən iqtisadi risklər yaradır.
Ekspertlər hesab edir ki, münaqişə uzun müddət davam edərsə, bu, təkcə enerji bazarlarında deyil, həm də ərzaq ticarətində qiymət dəyişikliklərinə və logistika problemlərinə gətirib çıxara bilər.
Hazırda regionda baş verən proseslərin təsiri Azərbaycan bazarında da hiss olunmağa başlayıb. Xüsusilə İranla ticarət-logistika əlaqələrində yaranan çətinliklər bəzi məhsulların idxalına və bazardakı qiymətlərə təsir göstərir. Məsələn, İrandan gətirilən bir sıra kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər artıq yerli bazarda müəyyən dəyişikliklər yaradıb.

Qeyd edək ki, İranın Kənd Təsərrüfatı Nazirliyi martın əvvəlində kartof, yumurta, pomidor və xurma ixracını qadağan edib. Bu barədə İran Gömrük Administrasiyası məlumat yayıb. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi hazırkı xüsusi şəraitdə ölkə bazarında qiymətlərin tənzimlənməsi məqsədilə bir sıra məhsulların ixracına qadağa tətbiq edib. Qeyd olunan məhsulların ixracına qoyulan qadağanın qeyri-müəyyən müddətədək davam edəcəyi qeyd olunur.
Yeri gəlmişkən, İrandan kartof ixracına qoyulan qadağadan sonra yerli bazarda bu məhsulun qiymətində müəyyən artım müşahidə olunub.
Satıcıların sözlərinə görə, hazırda kartofun bir kiloqramının qiymətində təxminən 20 qəpik bahalaşma var.
Paytaxtda fəaliyyət göstərən İran məhsulları mağazalarında isə həm məhsul çeşidində, həm də qiymətlərdə müəyyən dəyişikliklərin olduğu iddia edilir.
Mövcud vəziyyəti yerində araşdırmaq üçün Musavat.com-un əməkdaşı paytaxtın bir neçə İran məhsulları satılan mağazasında olub.

İlk olaraq “Təbriz malları” mağazasına baş çəkirik. Mağazada əvvəlki dövrlərlə müqayisədə alıcı sayının bir qədər az olduğu diqqət çəkir. Rəflərdə müxtəlif İran məhsulları olsa da, bəzi bölmələrdə çeşidin azaldığı hiss olunur. Satıcı ilə söhbət zamanı məlum olur ki, hazırda mağaza sahibləri vəziyyətə uyğunlaşmağa çalışırlar.
Mağazada çalışan xanım satıcı vəziyyəti belə izah edir:
“Fevralın 28-dən İrandan mal gətirilmir. Biz də məcbur qalıb alternativ yollar axtarırıq. Mağazanı bağlamaq fikrimiz yoxdur. Ziyana düşməmək üçün Rusiyadan, Türkiyədən və başqa ölkələrdən mallar gətirmişik. Onları satırıq ki, iş dayanmasın”.

Satıcının sözlərinə görə, hazırda anbarda olan məhsullar mağazanın fəaliyyətini müəyyən müddət davam etdirməyə imkan verir:
“Anbarlarda bir qədər ehtiyatımız var. Ona görə də qiymətlərdə ciddi artım etməmişik. Alıcıları itirmək istəmirik. Amma hamı gözləmə mövqeyindədir. Dedilər, yollar açılıb, yük maşınlarının gedib-gəlməsinə icazə verilir. Hələ ki, bizə yeni mal gəlməyib. Ümid edirik ki, bir neçə günə vəziyyət dəyişər və yeni məhsullar gətirilər”.
Daxil olduğumuz digər mağazada isə alıcı sayı xeyli az idi. Buna baxmayaraq, mağaza rəflərində İran məhsullarının kifayət qədər olduğu görünürdü. Buradakı satıcılar da vəziyyətin hələlik nəzarət altında olduğunu deyirlər.
Satıcılardan biri bildirir ki, mağaza sahibləri əvvəlcədən müəyyən ehtiyat topladıqları üçün hazırda ciddi problem yaşanmır:
“Hazırda anbarda təxminən 5-6 aylıq məhsul ehtiyatımız var. Ona görə də qiymətlərdə ciddi dəyişiklik etməmişik. Alıcılar da əvvəlki kimi gəlirlər. Amma vəziyyət belə davam etsə, gələcəkdə problemlər yarana bilər”.
Satıcı əlavə edir ki, son günlər yük maşınlarının hərəkəti ilə bağlı müəyyən yumşalmalar barədə xəbərlər eşidiblər:
“Dedilər ki, yük maşınlarının gediş-gəlişinə qoyulan qadağa aradan qaldırılıb. Bu xəbəri eşidəndə çox sevindik. Amma hələ ki, bizə yeni mal gəlməyib. Hər halda bir neçə aylıq ehtiyatımız var. Ondan sonra nə olacağını isə zaman göstərəcək”.

Söhbət zamanı satıcı mövzunun təkcə ticarətlə məhdudlaşmadığını, hadisələrin insani tərəfinin də onları narahat etdiyini vurğulayır:
“Mən özüm də təbrizliyəm. Orada doğmalarımız var. Uşaqlar var, qocalar var. Müharibəni heç kim istəmir. İnsanlar narahatdır. Doğmalarımızla əlaqə saxlaya bilmirik. İnternet işləmir, telefonlar bağlanıb. Günlərlə xəbər ala bilmirik. Bu vəziyyət bizi çox narahat edir”.
Paytaxt bazarlarında müşahidə olunan vəziyyət göstərir ki, hələlik İran məhsullarının qıtlığı ciddi şəkildə hiss olunmur. Lakin logistika əlaqələrinin uzun müddət bərpa olunmaması və ixrac məhdudiyyətlərinin davam etməsi halında bazarda qiymət artımı və məhsul çeşidinin azalması ehtimalı istisna edilmir.

İqtisadçılar hesab edir ki, regionda hərbi gərginliyin uzanması yalnız ərzaq bazarına deyil, həm də enerji və nəqliyyat sektoruna təsir göstərə bilər. İran regionun mühüm tranzit və ticarət ölkələrindən biri olduğundan, burada baş verən hər hansı böhran ticarət marşrutlarında gecikmələrə və əlavə xərclərə səbəb olur. Bu səbəbdən ekspertlər hesab edir ki, vəziyyətin sabitləşməsi həm region ölkələri, həm də yerli bazarlar üçün olduqca vacibdir. Əks halda, hazırda hiss olunan kiçik qiymət dəyişiklikləri gələcəkdə daha ciddi iqtisadi təsirlərlə əvəz oluna bilər.




