Manşetüstü

Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir

Tarixin bütün dövrlərində Azərbaycan qadını cəmiyyətimizin inkişafında, milli dəyərlərimizin qorunmasında və dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynamışdır. Qədim dövrlərdən bu günə qədər qadınlarımız yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin mənəvi dayağı olmuş, öz müdrikliyi, fədakarlığı və iradəsi ilə tariximizin şərəfli səhifələrini yazmışlar. Azərbaycan xalqının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadınların göstərdiyi şücaət, eləcə də Tomris, Sara Xatun, Möminə Xatun kimi tarixi şəxsiyyətlərin fəaliyyəti Azərbaycan qadınının gücünün, iradəsinin və liderlik keyfiyyətlərinin parlaq nümunəsidir. Bu nümunələr sübut edir ki, Azərbaycan qadını tarix boyu həm ailənin dayağı, həm də cəmiyyətin inkişafına yön verən mühüm bir qüvvə olmuşdur.

Azərbaycan qadınları yalnız mənəvi dəyərlərin qorunmasında deyil, həm də dövlət quruculuğu və ictimai-siyasi proseslərdə fəal iştirak etmişlər. Şərqdə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququnun məhz Azərbaycanda – Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilməsi xalqımızın qadına verdiyi yüksək dəyərin bariz göstəricisidir. Bu mühüm addım Azərbaycan qadınının ictimai həyatda rolunun genişlənməsinə, onların elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə fəal iştirakına geniş imkanlar yaratmışdır. Qadınlarımız yüzillər boyu milli dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın qorunub saxlanılmasında da mühüm rol oynamışlar.

Müstəqil Azərbaycan dövlətində qadın siyasətinin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi diqqət yetirmiş, onların potensialından səmərəli istifadə olunması üçün geniş imkanlar yaratmışdır. Onun təşəbbüsü ilə qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər qadınların dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə və müxtəlif sahələrdə fəal iştirakına yol açmışdır. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması və qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.

Son illərdə qəbul olunan qanunlar, dövlət proqramları və milli fəaliyyət planları qadınların hüquqlarının müdafiəsi və onların ictimai fəallığının artırılması istiqamətində mühüm nəticələrə səbəb olmuşdur. Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə, sahibkarlıq sahəsində və digər istiqamətlərdə uğurla fəaliyyət göstərir, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Statistik göstəricilər də qadınların cəmiyyət həyatındakı fəallığının artdığını göstərir. Qadınların məşğulluq səviyyəsinin yüksəlməsi, sahibkarlıq fəaliyyətində iştirakının genişlənməsi və müxtəlif sahələrdə təmsilçiliyinin artması ölkədə həyata keçirilən gender siyasətinin müsbət nəticələrindən biridir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də Azərbaycan qadınının nüfuzunun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə daha da yüksəlməsinə mühüm töhfə verir. Onun rəhbərlik etdiyi humanitar və sosial layihələr, xeyriyyəçilik təşəbbüsləri, mədəniyyətimizin və milli dəyərlərimizin dünyada tanıdılması istiqamətində görülən işlər Azərbaycan qadınının mərhəmətini, humanizmini və yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirir.

Bu gün Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlət idarəçiliyində, elmi və mədəni mühitdə, həmçinin səhiyyə və sosial sahələrdə mühüm uğurlar qazanır. Xüsusilə səhiyyə sistemində çalışan qadınların əməyi cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. İnsanların sağlamlığının qorunması və həyat keyfiyyətinin yaxşılaşdırılması naminə çalışan qadın tibb işçiləri yüksək peşəkarlıq, məsuliyyət və fədakarlıq nümayiş etdirərək cəmiyyətə dəyərli xidmət göstərirlər.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi-qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, ailə səadəti və həyatlarının bütün sahələrində yeni uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan qadını bundan sonra da öz zəhməti, müdrikliyi və fədakarlığı ilə ölkəmizin inkişafına töhfə verməyə davam edəcək, cəmiyyətimizin tərəqqisində mühüm rol oynayacaqdır.

Səkinə Sadıxova
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir