Cəmiyyət

Şəhidlərimizin xatirəsi əbədi yaşayacaq

     Fevralın 26-da Xocalıda Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edirdi. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, Ədalətə inam, Dövlətə inam, Ordumuza inam.

            Həmin ağır illərdə bütün Xocalı sakinləri məşəqqətli günlər yaşayırdı və həmin dövrdəki hakim dairələr Xocalı soyqırımına layiq olan qiyməti vermirdi. Məhz Ulu Öndərimiz Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Xocalı soyqırımına layiqli siyasi qiyməti verdi.

            Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.

           Açılış mərasimində çıxış edən  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdi  ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Bu gün xalqımıza, dövlətimizə olan hörmət, o cümlədən məhz buna görədir. O vaxt Prezident həm də demişdi ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu, müəyyən təsəllidir.

          Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq.

                                                                                                               Tacəddin Əli,

                     Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə

                     təhsil  sektorunun aparıcı məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir