Cəmiyyət

Milli qürurumuzu əks etdirən abidə

    İki il bundan əvvəl Xocalıda xalqımızın milli qürurunu əks etdirən abidənin təməli qoyulmuşdu. Cari il fevralın 26-da misilsiz sənət əsərinin aşılışı oldu. Açılış mərasimində çıxış edən Möhtərəm Prezident cənab İlham Əliyev vurğuladı ki, bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Bu abidə silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını, Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.
    Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər. Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi ki,     bizim iradəmizə qarşı çıxanın başı əziləcək.

                                                                                                     Salamat Nəcəfov,
                 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin 
    Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir