“2020-ci ildən başlayaraq ümumi təhsil müəssisələrində internet infrastrukturunun yenilənməsi və kompüter parkının genişləndirilməsi istiqamətində sistemli addımlar atılıb”.
xeberde.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə açıqlayıb.
İdarə rəisi vurğulayıb ki, hazırda məktəblilərin 80 faizdən çoxu internetə çıxış imkanına malikdir.
Onun sözlərinə görə, son illər ərzində təhsil müəssisələrinin texniki bazasının gücləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib.
“Elm və Təhsil Nazirliyi hər il orta hesabla 40-50 min ədəd kompüteri məktəblərə təhvil verir. Bununla da həm mövcud avadanlıqlar yenilənir, həm də şagird-kompüter nisbəti mərhələli şəkildə yaxşılaşdırılır”, – deyə V.Xanlarov bildirib.
Qeyd edək ki, həyata keçirilən rəqəmsallaşma tədbirləri çərçivəsində məktəblərdə sürətli internetə çıxış imkanlarının artırılması və İKT avadanlığının müasirləşdirilməsi tədris prosesində rəqəmsal alətlərdən istifadənin genişlənməsinə zəmin yaradır.




