Cəmiyyət

Enerji ehtiyatlarımız yetərincədir

               Azərbaycan Republikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə bildirdi ki, bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bunun nəticəsində əsas infrastruktur məsələlərini həll edilmiş, ilk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi.

              Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, – hazırda təqribən 10 min meqavata yaxındır – eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə – bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında – bu məsələ həll edilmiş hesab olunur, – ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq.

             Azərbaycan bir neçə ildən sonra, – necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, – eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır.

            Biz qazlaşma məsələlərini böyük dərəcədə həll etmişik. Bu gün ölkəmizdə qazlaşma 96 faizə çatıbdır. Mən bunu deməklə yaşayış məntəqələrini yox, əhalini nəzərdə tuturam. Əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, – bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, – Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir.

                                                                                                                       Ədalət Əsgərov,

                                                                      Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir