Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.
Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik. Hesab edirik ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır.
Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük.
Perspektivli əməkdaşlıq sahəsndəi əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq.
Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.
Dost ölkələrimiz arasındakı hərbi və müdafiə əməkdaşlığı da diqqətəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.
İsa Allahverdiyev
71 saylı Cəlilabad şəhər Dairə Seçki Komissiyasının sədri




