Manşetüstü Maqazin

Müalicə və Mərhəmətin Ünvanı – Qumru Allahverdiyeva

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində fəaliyyət göstərən “Günəşli” nevroloji sanatoriyası ölkəmizin səhiyyə və reabilitasiya sahəsində özünəməxsus yer tutan nüfuzlu müalicə müəssisələrindən biridir. Bu sanatoriyada sağlamlığını bərpa etmək üçün müraciət edən hər bir vətəndaş yüksək səviyyəli tibbi xidmət və dərin insani münasibətlə qarşılanır. Bu uğurların mərkəzində isə öz peşəsinə sadiq, humanist dəyərlərə bağlı, təcrübəli tibb mütəxəssisləri dayanır. Onlardan biri də sanatoriyanın nüfuzlu şöbə müdiri Qumru Allahverdiyevadır.

Qumru Allahverdiyevanın adı bu sanatoriyada sağlamlığını bərpa edən yüzlərlə insanın yaddaşında dərin izlər buraxıb. Onun həkimlik peşəsinə yanaşması yalnız vəzifə borcu ilə ölçülmür. O, hər bir müalicə alan şəxsin dərdinə dərd kimi yanaşır, xəstələrin psixoloji vəziyyətini anlayaraq, onlarla fərdi münasibət qurmağa xüsusi önəm verir. Onun üçün xəstə yalnız müalicə olunan deyil, həm də qayğıya, anlayışa və insani münasibətə ehtiyacı olan bir insandır.

Sanatoriyada aparılan müalicə tədbirləri kompleks şəkildə həyata keçirilir. Bu prosesin səmərəli təşkil olunması və nəticəyə yönəlməsi isə birbaşa Qumru xanım kimi peşəkar və təşkilatçı mütəxəssislərin düzgün rəhbərliyi ilə mümkündür. O, şöbəsində çalışan tibb işçiləri ilə sıx əməkdaşlıq edir, onların peşəkar inkişafına daim dəstək olur, yüksək nizam-intizam və məsuliyyət tələb edir. Müalicə protokollarının düzgün icrası, xəstələrin fərdi xüsusiyyətlərinə uyğun yanaşma və xidmətin yüksək səviyyədə təşkili onun gündəlik fəaliyyət prinsipidir.

Qumru Allahverdiyeva sadəcə şöbə müdiri deyil, həm də sanatoriyanın pasiyentlərinə mənəvi dayaq olan bir insandır. Xəstələr onun səmimi təbəssümündə, nəvaziş dolu baxışlarında, mehriban və diqqətli yanaşmasında əsl analıq qayğısını hiss edirlər. Onun iş prinsipində insan amili hər şeydən öndə gəlir. Qumru xanım hər bir pasiyentlə fərdi maraqlanır, onların müalicə prosesini diqqətlə izləyir, ən xırda narahatlıqları belə nəzərdən qaçırmır.

Bu gün “Günəşli” nevroloji sanatoriyasına üz tutan insanlar burada Qumru Allahverdiyeva kimi yüksək ixtisaslı, eyni zamanda mərhəmətli və vicdanlı bir həkimin çalışdığını bildikləri üçün özlərini daha inamlı və güvənli hiss edirlər. Bu da bir daha sübut edir ki, həkimlik yalnız bilik və təcrübə deyil, həm də böyük ürək, insana sevgi və dərin məsuliyyət tələb edən bir sənətdir.

Qumru Allahverdiyevanın uzun illər ərzində qazandığı etimad, onun göstərdiyi fədakar xidmətin, yüksək peşəkarlığının və insanlara olan sədaqətli münasibətinin nəticəsidir. O, həmkarları arasında nüfuzlu mütəxəssis, rəhbərlik tərəfindən etibarlı kadr, xəstələr üçün isə əsl ümid işığıdır. Belə dəyərli insanların sağlamlıq sistemində fəaliyyəti bu sahəyə olan inamı daha da artırır və ölkəmizdə tibbi xidmətin humanist dəyərlər əsasında qurulmasına gözəl nümunə olur.

Hazırladı: Mirismayıl Xələfli

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir