Cəmiyyət

Yeni istiqamətlər üzrə qurulan diplomatiya

        Vyetnam rəhbəri To Lamın mayın 7-də baş tutmuş səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra Azərbaycana ilk gəlişidir. Bu səfər çərçivəsində iki ölkə arasında turizm, təhsil, informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və ətraf mühit kimi bir çox sahələrdə əməkdaşlığı gücləndirmək üçün qərarlar qəbul edildi.Azərbaycanın yeni strateji tərəfdaşına çevriləcək Vyetnam Asiya qitəsində, öz coğrafiyasında yerləşən mühüm ölkələrdən biri kimi qiymətləndirilməlidir. İkitərəfli səmimi və səmərəli münasibətlər daha vacib sayıldığından, bu coğrafiyada Vyetnam həm də müəyyən çəkiyə malik dövlət kimi qəbul olunur. Bu nöqteyi-nəzərdən Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin yeni mərhələyə keçməsi perspektivini gələcəyə qoyulan sərmayə kimi dəyərləndirmək mümkündür.

       Ulu Öndər Heydər Əliyevin 42 il əvvəl-1983-cü ildə  sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb. Azərbaycanın Vyetnama dəstəyi təkcə neft sənayesi mütəxəssisləri və avadanlıq göndərməkdən ibarət olmayıb. Sovet dövründə minlərlə vyetnamlı Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alıblar. Onlar ölkələrinə qayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışaraq, Vyetnamın inkişafına töhfələr veriblər. 

        Dövlət başçısı İlham Əliyev bəyanatında bu məqama da xüsusi diqqət yönəltdi ki, sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi. Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.

       Dövlət başçısı İlham Əliyev mətbuata verdiyi bəyanatda bu reallıqlara söykənərək bildirdi ki, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün  sahələr üzrə uğurla inkişaf edir. Hər iki ölkə münasibətləri yeni istiqamətlər üzrə inkişaf etdirmək üçün böyük potensiala malikdir. Bakıda “Vyetnam günləri”nin təşkili, Vyetnamda Azərbaycanla bağlı mədəni tədbirlər, konsert proqramları, kulinariya festivalları xalqlarımızın bir-birini daha yaxından tanımasına və dostluğun möhkəmlənməsinə xidmət edir. 

        Prezident İlham Əliyevin bəyanatı bütün bu məqamlara bir daha işıq saldı. Hazırkı dövrdə  xalqlarımız arasında mənəvi bağların möhkəmlənməsi və mədəni diplomatiyanın güclənməsi əsas hədəflər sırasındadır.

Arif Nəcəfov,

Cəlilabad rayon Statistika İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir