Azərbaycan qadını tarix boyu öz parlaq zəkası, yüksək mənəvi keyfiyyətləri və sarsılmaz iradəsi ilə seçilərək dünyaya nümunə olub. O, təkcə ailənin deyil, bütöv bir xalqın dayağına çevrilmiş, ən çətin dövrlərdə belə ümid işığını qoruyub saxlamışdır. Qadınlarımız əsrlər boyu milli-mənəvi dəyərlərimizin formalaşmasında, qorunmasında və gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayıblar. Onlar həm ana nəvazişi ilə cəmiyyət üçün layiqli övladlar yetişdirib, həm də lazım gəldikdə Vətənin müdafiəsi üçün kişilərlə çiyin-çiyinə dayanaraq qəhrəmanlıq nümunəsi göstəriblər.Şərəfli tariximizə nəzər saldıqda görürük ki, Azərbaycan qadını yalnız ailə ocağının qoruyucusu deyil, həm də ictimai həyatın, dövlət quruculuğunun və milli mübarizənin fəal iştirakçısı olub. Onların fədakarlığı, mərdliyi və qətiyyəti xalqımızın taleyində silinməz izlər buraxıb. Elə buna görə də Azərbaycan qadını hər zaman müqəddəslik, sədaqət və güc rəmzi kimi qəbul edilib. Xalqımızın qədim mənəvi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da qadına verilən yüksək dəyər aydın şəkildə əks olunur. Bu eposda qadınlar evin qoruyucusu, qəhrəmanların ən böyük dayağı kimi təsvir edilir. Qədim azərbaycanlıların dünyagörüşündə “Ana haqqı – Tanrı haqqıdır” anlayışı qadına və anaya olan dərin hörmətin göstəricisidir. Dastanda qadınlar yalnız ailə həyatında deyil, ovda, savaşda və şən məclislərdə də kişilərlə bərabər iştirak edir, cəsarət və mərdlik nümunəsi göstərirlər. Bu isə Azərbaycan qadınının tarixən güclü, müdrik və qürurlu olduğunu bir daha sübut edir.Bu gün də Azərbaycan qadını ənənə ilə müasirliyin gözəl vəhdətini özündə birləşdirir. O, həm milli-mənəvi dəyərlərin qoruyucusu, həm də elmdə, təhsildə, siyasətdə, mədəniyyətdə və digər sahələrdə fəal iştirak edən güclü şəxsiyyətdir. Onların zəhməti, intellekti və sosial fəallığı müstəqil Azərbaycanın inkişafına böyük töhfə verir.
Azərbaycan Respublikasında qadınların hüquqlarının təmin olunması və gender bərabərliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüquqlara malik olduğunu təsdiq edərək onların demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi əsasını yaratmışdır. Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, kişi və qadınların eyni hüquq və azadlıqlara malik olması aydın şəkildə təsbit edilmişdir. Konstitusiyanın qəbulundan sonra ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə qadınların hüquqlarının müdafiəsini gücləndirmək və bu sahədə dövlət siyasətini mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 2006-cı ildən isə bu qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adı ilə fəaliyyət göstərir. 2000-ci ildə imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman isə qadınların cəmiyyətdə rolunun və imkanlarının daha da genişlənməsinə xidmət etmişdir.Azərbaycan qadınlarının hüquq və imkanlarının genişləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq da mühüm yer tutur. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsini və Fəaliyyət Platformasını qəbul etmişdir. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı isə ölkədə dövlət qadın siyasətinin inkişafında mühüm hadisə kimi tarixə düşmüşdür. Həmin vaxtdan etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir və bu tədbirlər qadın siyasəti sahəsində ən əlamətdar hadisələrdən biri hesab olunur. Azərbaycan Respublikası əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. 2026-cı il yanvarın 1-nə ümumi işçi qüvvəsinin sayında qadınların payı 48,4 faiz, məşğul olanların ümumi sayında qadınların payı 48,1 faiz olmuşdur. Fərdi sahibkarların ümumi sayında qadın sahibkarların xüsusi çəkisi son beş ildə ilbəil artaraq 2026-cı il yanvarın 1-nə 23,7 faizə çatmışdır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 2004-cü ildəki 4 faizdən 2025-ci ildə 39,34 faizə yüksəlmiş, dövlət qulluqçuları arasında qadınların payı son dörd ildə 27,5 faizdən 29,7 faizə çatmış, həmçinin hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər arasında qadınların sayı artmışdır.
Ölkəmizdə 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram kimi qeyd edilir. Hər il bu bayram ərəfəsində bir qrup Azərbaycan qadını fəxri adlara, orden və medallara layiq görülür. Prezident İlham Əliyevin bu münasibətlə Azərbaycan qadınlarına ünvanladığı təbriklər dövlət başçısının qadınlara göstərdiyi diqqət və ehtiramın bariz nümunəsidir. Bu gün Azərbaycan qadınları ölkənin müxtəlif sahələrində, o cümlədən dövlət idarəçiliyində və ali orqanlarda böyük məsuliyyət və fəallıqla fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz fəaliyyəti, təşəbbüsləri və xeyriyyəçilik missiyası ilə Azərbaycan qadınlarını həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə layiqincə təmsil edir və Azərbaycan qadınının potensialını nümayiş etdirir.
Azərbaycan qadını sevgi ilə böyüdən ana, sədaqətli ömür yoldaşı, cəsarətli vətənpərvər və müdrik şəxsiyyət kimi hər zaman xalqımızın qürur mənbəyi olub və olacaq. Onun ürəyindəki mərhəmət, güc və vətən sevgisi xalqımızın gələcəyini işıqlandıran ən böyük nurdur. Hər bir qəhrəmanlıq salnaməsinin başlanğıcı bir ana qəlbindən keçir. Çünki Vətən uğrunda canını fəda edən igidləri dünyaya gətirən, onları mərdlik, qeyrət və vətən sevgisi ruhunda böyüdən Azərbaycan qadınıdır. O, övladını tərbiyə edərkən yalnız bir insan yetişdirmir, xalqın gələcəyini formalaşdırır, Vətənin sabahını qurur. 44 günlük Vətən müharibəsində və sonrakı lokal xarakterli antiterror tədbirlərində tarix yazan qəhrəmanlarımızın arxasında məhz anaların səssiz, lakin sarsılmaz mənəvi gücü dayanır. Bu güc, bu iradə və bu sonsuz Vətən sevgisi Azərbaycanın şanlı Zəfərinin görünməyən, lakin ən möhkəm dayaqlarından biridir.Bu gün qürurla dalğalanan üçrəngli bayrağımız təkcə qələbəmizin rəmzi deyil. O, həm də Vətən uğrunda övlad yetişdirən, səbrin, mərdliyin və müqəddəs analıq ucalığının simvoluna çevrilən Azərbaycan qadınının mənəvi əzəmətinin təntənəsidir. Tarix bir daha sübut etdi ki, qəhrəman oğullar yetişdirən anaları olan xalqın iradəsini heç bir qüvvə sarsıda bilməz.
Müəllif: Samirə Hüseynova
Xeberde.az




