Siyasət

Enerji gücündən yaşıl gələcəyə

2025-ci il iyunun 2-si tarixində Prezident İlham Əliyevin 30-cu Bakı Neft və Qaz Sərgisinin açılışında etdiyi çıxış, Azərbaycanın enerji siyasətinin siyasi, iqtisadi və geosiyasi mütərəqqiliyini bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Prezidentin bu çıxışı, enerji siyasətinin sadəcə iqtisadi deyil, eyni zamanda regional sabitlik, beynəlxalq etimad və diplomatik balans üzrə qurulmuş kompleks strategiya olduğunu göstərdi. Bu çıxış Azərbaycanın beynəlxalq enerji siyasətində təkcə iştirakçı deyil, lider mövqeyini möhkəmləndirdiyini bir daha sübut etdi. Prezident İlham Əliyev çıxışında “Əsrin müqaviləsi”ndən başlayaraq, Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələrin reallaşdırılmasına qədər olan tarixi gedişata nəzər saldı. Bu baxış, Azərbaycanın enerji siyasətinin uzunmüddətli strateji planlara sadiqliyini və bu planların siyasi iradə ilə reallığa çevrilmə bacarığını vurğulayır. Enerji sektorunda mükəmməl idarəetmə, təsirləri qlobal çapda hiss edilən diplomatik çıxışlarla uzlaşaraq, Azərbaycanı beynəlxalq enerji siyasətinin aparıcı aktorlarından birinə çevirib. Bu, ölkənin suveren siyasətini enerji vasitəsilə reallaşdırmaq bacarığını nümayiş etdirir. Geosiyasi baxımdan, Prezidentin çıxışı Avropa Şurası, Asiya bazarları və Qafqaz regionu üzrə kompleks enerji diplomatiyasının konturlarını cızır. Xüsusilə TANAP, TAP və Cənub Qaz Dəhlizi kimi transmilli layihələrin qeyd olunması, bu istiqamətdə yaradılan etibarlı təchizat çərçivələrinin Azərbaycanın təhlükəsiz və sabit tərəfdaş obrazını gücləndirdiyini göstərir. Bu, enerji daşıyıcıları sahəsində tənzimlənməyə ehtiyac duyan beynəlxalq münasibətlərdə yeni modelin formalaşmasına təkan verir. Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də strateji enerji tranzit ölkəsidir. Prezident çıxışında iqlim dəyişikliyinin qlobal səviyyədə yaratdığı təhlukələrdən danışaraq COP29-a ev sahibliyinin əhəmiyyətini vurğuladı. Bu, Azərbaycanın beynəlxalq enerji platformalarında yalnız karbohidrogen resurslarını təqdim etməklə kifayətlənmədiyini, eyni zamanda “yaşıl enerji” və ekoloji davamlılıq sahələrində qlobal liderliyə iddialı olduğunu göstərir. Qarabağ və Şərqi Zəngəzurda yaradılacaq “yaşıl enerji zonası” kimi təşəbbüslər, bu istiqamətdə strateji hərəkətlərin konturunu müəyyən edir. Bu yanaşma Azərbaycanın ekoloji məsuliyyətə əsaslanan yeni enerji modelini təşviq etdiyini sübut edir. Eyni zamanda, Prezidentin vurğuladığı insan kapitalının rolu, enerji diplomatiyasının sosial ölçülərini göz ardı etmədiyini nümayiş etdirir. Bu, enerji siyasətinin təkcə texniki-investisiya deyil, eyni zamanda humanitar istiqamətli və inklüziv mahiyyət daşıdığını göstərir. Peşə əsaslı təhsil, texniki universitetlər və beynəlxalq təcrübəyə açıqlıq, enerji sahəsinin davamlı təminatını şərtləndirir. Savadlılıq səviyyəsinin 100 faiz olduğu bir ölkədə enerji sektorunda milli kadr potensialının inkişafı, müstəqil enerji siyasətinin əsas sütunlarındandır. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər və müzakirələr, Prezident İlham Əliyevin irəli sürdüyü praqmatik və çevik siyasətin beynəlxalq aktorlar tərəfindən mənimsəndiyini göstərdi. Bu, Azərbaycanın enerji siyasətini sadəcə enerji ixracatçısı deyil, eyni zamanda enerji dialoqunun qurucusu kimi müəyyən edir. Prezident İlham Əliyevin liderliyində həyata keçirilən enerji siyasəti, regional sabitliyin, iqtisadi çoxşaxəliliyin və əlaqələr sisteminin özəyinə çevrilir. Azərbaycanın enerji diplomatiyası həmçinin mədəniyyətlərarası körpü rolu oynayır və beynəlxalq əməkdaşlıq ruhunu təşviq edir. Bundan əlavə, Prezidentin çıxışında xüsusi yer alan maliyyə sabitliyi və makroiqtisadi göstəricilər, enerji sektorunun dayanıqlı gəlirlə idarə olunduğunu göstərir. Xarici borcun azlığı, strateji valyuta ehtiyatlarının çoxluğu və yoxsulluq səviyyəsinin aşağı düşməsi Azərbaycanın enerji gəlirlərini sosial rifah məqsədilə yönləndirdiyini sübut edir. Bu model, enerji siyasətinin yalnız iqtisadi deyil, eyni zamanda sosial sabitlik və inkişaf vasitəsi olduğunu ortaya qoyur.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı enerji geosiyasəti, diplomatik liderlik və milli maraqların qlobal miqyasda təşviqi baxımından əhəmiyyətli bir sənəd kimi qiymətləndirilə bilər. Bu çıxış, Azərbaycanın beynəlxalq səhnədə dayanıqlı enerji partnyoru kimi qəbul edilməsinə, yeni layihələrin əsasının qoyulmasına və strateji tərəfdaşlıqların dərinləşməsinə zəmin yaradır. Azərbaycanın enerji gələcəyi, təkcə zəngin resurslar deyil, eyni zamanda müdrik rəhbərlik və çevik diplomatiya ilə formalaşır.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir