Kənddə bir Zeynəb xala vardı ki, dillər əzbəri idi. Əri Həsən kişi 40 il onun “danışıq musiqisinə” qulaq asıb susmağı bacardığı üçün kənd camaatı onu “səbir daşı” adlandırırdı. Həsən kişi bir səhər əkinə gedəndə ürəyi tutur, yəni Allahın qisməti budur, dünyasını dəyişir.
Xəbər kəndə çatan kimi, camaat axın-axın Zeynəb xalanın evinə gəlməyə başlayır. Kimi başsağlığı verir, kimi təzə çıxmış söhbətləri danışmaq bəhanəsi ilə gəlir. Amma hər kəsi bir sual düşündürür: “Bu qədər dil-dodaq sahibi qadın, görəsən, necə yas saxlayacaq?”
Zeynəb xala isə baş rolda: elə ağlayır ki, az qalır kəndin itləri də ulasın. Qonşu Fatmanisə deyir:
— Ay qız, Zeynəb xala elə səsi ilə ağlayır ki, elə bil Türkiyə serialıdır, birinci seriyada əri ölüb, amma biz bilirik ki, beşinci seriyada təzədən evlənəcək.
Zeynəb xala ağlaya-ağlaya deyir:
— Ay camaat, mən indi kimə deyim ki, samavarı harda gizlədib? Mən indi kimə deyim ki, kartofun yaxşısı harada satılır? Ay Həsən, məni atdın getdin…
Amma arada bir qonşu Tükəz xalaya göz vurur, sonra da burnunun altından gülümsəyir. Camaat da hiss edir ki, bu ağlama bir az “teatral”dır.
Üçüncü gün kəndin mollası Hacı Mahmud gəlir. Quran oxuyandan sonra görür ki, Zeynəb xala gah burnunu silir, gah qonşu ilə pıçıldaşır, gah da əlinin altındakı təzə gələn salatın dadına baxır. Mollanın ürəyindən keçir: “Bu nə matəmdir, bu nə menyudur?”
Həmin gecə qonşular eşidirlər ki, Zeynəb xala telefonla kimləsə danışır:
— Ay Gülbəniz, bu qədər başsağlığı alanın içində üç nəfər dul kişi var, biri müəllimdi, biri də gömrükdə işləyir. Mənim də həyat davam etməlidir axı…
Ertəsi gün kənddə söz gəzir ki, Zeynəb xala Həsən kişini yola saldığı gün eyni zamanda “ikinci tur”a da hazırlaşır. Kəndin dedikodu ustası Səkinə xala deyir:
— Ay qız, mən birinci dəfədir ki, yasda toy planı eşidirəm!
Yeddi mərasimi gələndə Zeynəb xala artıq evi səliqəyə salıb, qara paltarı çıxarıb, yenə əvvəlki Zeynəb olur. Hətta bir az da şux.
O gündən sonra kənddə bir deyim yaranır: “Yalandan ağlayır, elə bil Zeynəb xalanın yasındayıq.”
İki ay keçməmiş Zeynəb xalanın həyətində yenə çadır qurulur. Amma bu dəfə yas yox, nişan çadırı! Yeni bəy: Gömrükdə işləyən dul Hidayət kişi. Camaat gözlərinə inanmır. Zeynəb xala isə əlində mikrofona bənzər fənərlə deyir:
— Ay camaat, həyat davam edir. Həsən kişiyə Allah rəhmət eləsin, amma mən də təzədən “yaşamağa qərar verdim”!
Bütün kənd gülməkdən qarnını tutur. Beləcə, Zeynəb xala kəndin tarixində həm ağlayaraq, həm də gülərək xatırlanan yeganə qadın olur.
Hazırladı: Mirismayıl Xələfli jurnalist
Xeberde.az