Hesabat ayında Azərbaycan paytaxtı 196 şəhər arasında 115-ci yerdə qərarlaşıb
Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (79,25 MB/S) görə aprel ayına nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 87-ci olub.
“Speedtest Global Index”nə görə, bir il əvvəlki göstərici (39,48 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (372,02 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.
Azərbaycan mayda mobil internetin sürətinə görə isə mart ayına nisbətən 2 pillə geriləyərək 73,83 MB/S sürətlə 103 ölkə arasında 57-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (539,84 MB/S), sonuncu yeri isə Boliviya (13,45 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 196 şəhər arasında 78,86 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb. Bu, Azərbaycanda internetin “Zapı” sürəti deməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (349,44 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,36 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 90,88 MB/S sürətlə 148 şəhər arasında 84-cü olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (594,88 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,12 MB/S) tutub. Qeyd edək ki, internetin qiymətləri bir neçə ay əvvəl bahalaşsa da, hələ də sürətin artımına xüsusi təsiri yoxdur.

Fərhad Mirəliyev
Mövzu ilə bağl İT mütəxəssisi Fərhad Mirəliyev danışıb. Mütəxəssis qeyd edib ki, qiymət artımı və internetin keyfiyyətinin yüksəldilməsi məsələsində hər şey birmənalı deyil: “Qiymət artımı məsələsində biz birmənalı şəkildə deyə bilmərik ki, bütün provayderlər qiymət artımında iştirak ediblər. Bu, əsasən dövlət əsaslı provayderlərdə və bir neçə özəl provayderdə müşahidə olundu. Lakin elə provayderlər də oldu ki, onlar bu günə qədər köhnə qaydada, əvvəlki tariflərlə abonentlərə xidmət göstərməyə davam edirlər.
Qiymət artımı və internetin keyfiyyətinin yüksəldilməsi məsələsində hər şey birmənalı deyil. Burada bütün zəncirin həlqələri bir-birini tamamlamalıdır. Yəni internet başlanğıc nöqtədən son istehlakçıya çatana qədər infrastrukturdan tutmuş proqram təminatı və aparat təminatına qədər hamısı yeni tətbiq olunan internetin sürət rejiminə və keyfiyyət tələblərinə cavab verməlidir. Bu zəncirin istənilən həlqəsində problem olduqda, həmin problem ümumilikdə internetin sürətinə və keyfiyyətinə təsir edə bilir.
Bu məsələdə onu da deməliyik ki, hələ qiymət artımından, yeni tariflər müəyyənləşməmişdən əvvəl də sosial şəbəkələrdə xeyli sayda şikayətlər müşahidə olunurdu. Dövlət provayderləri, məsələn, “Bakı İnternet”, “Aztelekom” və s. haqqında çoxsaylı narazılıqlar olurdu və bu şikayətlərə baxışda müəyyən etinasızlıq hiss olunurdu. Bunun əsas səbəblərindən biri odur ki, bu provayderlər dövlət əsaslı olduqları üçün müəyyən dərəcədə rahatlıq içində fəaliyyət göstərirlər. Burada əsas rol Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin üzərinə düşür.
Bu agentlik istehlakçı hüquqlarının müdafiəsi və bazara nəzarətlə bağlı daha aktiv fəaliyyət göstərməlidir ki, tətbiq olunan yeni tariflər və sürət rejimi ilə bağlı istehlakçılar aldanmasın. Yəni provayderlərin söz verdiyi və müqavilə üzrə öhdəlik götürdüyü sürət və keyfiyyət son istehlakçı tərəfindən birmənalı şəkildə, problemsiz əldə edilməlidir. Əgər hansısa problem varsa, yoxlamalar aparılmalı, uyğunsuzluqlar aradan qaldırılmalıdır”.
Fərhad Mirəliyev qeyd edir ki, bu məsələdə birinci nəzarət və audit tədbirləri həmin şirkətlərin öz daxilində həyata keçirilməlidir: “Yəni istər dövlət, istərsə də özəl şirkət olsun, ilk olaraq öz avadanlığını, infrastrukturunu, proqram təminatını yoxlamalıdır. Məsələn, əvvəllər bir avadanlıqla 100 meqabit sürət ötürürdü, lakin yeni tarif rejiminə görə artıq 1 gigabit ötürməlidir. Şirkət nəzəri cəhətdən buna hazır ola bilər, lakin praktiki tətbiq zamanı hansı problemlər yaşanır, bunlar aydınlaşdırılmalıdır. Eyni zamanda son istehlakçının evində olan, 3-5 il əvvəl verilmiş və ya istehlakçının özü tərəfindən alınmış avadanlıq bu yeni sürətə cavab verirmi? Bu avadanlıq keyfiyyətin zəifləməsinə səbəb olmurmu? Bütün bu məsələlər üzrə auditlər aparılmalıdır. Təəssüf ki, dövlət şirkətləri bu məsələlərdə bir qədər etinasız və məsuliyyətsiz davranırlar. Çünki onların maliyyə və idarəetmə məsələləri dövlətə bağlı olduğundan müəyyən arxayınlıq yaranır. Özəl şirkətlər isə bu məsələlərdə daha irəlidədirlər, daha yaxşı keyfiyyət təminatı üzərində çalışırlar.
Lakin yenə də bu şirkətlərin özünü yoxlaması, abonentlərdən gələn şikayətlərin toplanması və baxılması işinə dövlətin konkret olaraq Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də müdaxiləsi vacibdir. Bu yoxlamalar həm şikayət əsasında aparılmalı, həm də şikayət olmasa belə, mütəmadi şəkildə həyata keçirilməlidir”.
Mütəxəssis bildirir ki, internetin sürətini təmin etmək əslində texniki baxımdan mürəkkəb məsələ deyil: “Trafiki, sadəcə olaraq, lazımi istiqamətə yönləndirirsən. Amma bundan sonra onun keyfiyyətinə nəzarət etmək, abonentlərdən gələn müraciətləri emal etmək, infrastrukturu daima nəzarətdə saxlamaq və analiz etmək əsas məsələdir. Düşünürəm ki, problem bu hissədədir – yəni zəncirin müxtəlif həlqələrində nasazlıqlar mövcuddur. Bu, həm abonenin avadanlığında, həm provayderin avadanlığında və proqram təminatında, həm də texniki baza ilə bağlı ola bilər. Bütün bunlar analiz olunmalı və mütəmadi olaraq nəzarətdə saxlanmalıdır. Belə olarsa, vəd olunan internet sürətini əldə etmək mümkündür”.