Ov bıçağı ilə qardaşını qətlə yetirən Qalib Musayevin cinayət işinin təfərrüatı məlum olub. Qalib qardaşı Mirmehdiyə 8 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
xeberde.az-ın xəbərinə görə, hadisəyə səbəb Mirmehdinin ata evini satmaq, digər bacı və qardaşlarını evdən çıxarmaq istəməsinə görə baş verib.
Qalib Musayev ifadəsində bildirib ki, bu hadisə baş verənə qədər qardaşı ilə aralarında münasibətlər yaxşı olmayıb. Buna səbəb isə 2014-cü ildə atasının ölümü zamanı qardaşının onlara qarşı etdiyi davranış olub:
“2014-cü ildə Ağdaşda atamı maşın vurmuşdu. Onda Mirmehdi Bakıda yaşayırdı. Mirmehdi hadisədən sonra Ağdaşa gəldi. Dedi ki, atamı vuran şəxsdən şikayət etmə. Mən də şikayət etmədim. Mirmehdi atamı maşınla vuran şəxsdən pul almışdı. Pulu da özü xərcləmişdi. Hadisədən 3 gün sonra Mirmehdi atamı xəstəxanadan çıxardı. Amma həkim atamın xəstəxanadan çıxmasına icazə vermirdi. Xəstəxana şəraitində müalicə almalı idi. Buna baxmayaraq, Mirmehdi atamı tezbazar xəstəxanadan çıxarıb evə gətirdi. Dedi ki, həkim gəlib evdə atama baxacaq. Özü də çıxıb Bakıya getdi. 5 ay ərzində atama özüm baxdım, həkim də gəlmədi. Atamın gipsdə olan ayağı açılanda məlum oldu ki, ayağı tərpənmir. Ayağının hər yeri qapqara olmuşdu. Atam dedi ki, gərək mənim sözümə qulaq asardılar. Atam digər qardaşımın yanında dedi ki, Mirmehdinin məqsədi onu öldürmək olub. Bu söhbətdən bir gün sonra atam rəhmətə getdi. Atamın ölüm xəbərini Mirmehdiyə mən zəng vurub dedim. Amma yasa gəlmədi. Heç nə ilə maraqlanmadı”.
Qalibin sözlərinə görə, atasının ölümündən sonra qardaşı Mirmehdi rayona gəlib və evi tələb etməyə başlayıb:
“Buna görə evdə dava-dalaş olurdu. Atam və mən ovçu olmuşuq. Evdə olan bacı və qardaşıma atamla mən baxırdım. Atamın tüfəngini satıb evə qaz çəkdirmişdik. Əziyyətlə də olsa dolanırdıq. Amma Mirmehdi bizimlə heç vaxt maraqlanmayıb”.
Bu söz-söhbətdən bezən Qalib evi tərk edərək Göyçaya köçüb və orada ailə həyatı quraraq yaşamağa başlayıb. Məqsədi Mirmehdinin mülk davasından uzaqlaşmaq olub. Amma bir müddət sonra eşidib ki, Mirmehdi evi satmaq üçün qardaş və bacılarını məcburi şəkildə evdən çıxarır:
“Bacılarım heç zaman evdən çölə çıxmırdılar. Heç biri ailə qurmamışdı. Qardaşım da psixi xəstəlikdən əziyyət çəkirdi. Bakıda qardaşımın birini də maşın vurmuşdu. O zaman da Mirmehdi sənədlərə qol çəkdirərək, onu vuran şəxsdən pul alıb xərcləmişdi.
Pandemiya vaxtı bizim hər birimizə verilən 190 manatı da Mirmehdi alıb xərcləmişdi. Mirmehdi torpağı və evi satmağı planlaşdırmışdı. Mənim əkib-becərdiyim torpağı da satmaq istəyirdi. Mən 2022-ci ildə ata evimə qayıdıb orada yaşamağa başladım.
Bir gün Mirmehdi evə gəlib əkinləri məhv etməyə başladı. Bacılarım da buna şahiddir. Ona niyə belə etdiyini dedikdə “əcəb edirəm, bura mənimdir” deyirdi. Artıq məni boğaza yığmışdı. Bizi oradan məcburi çıxararaq torpağı satmaq istəyirdi”.
Sonuncu mübahisə zamanı Mirmehdi ilə Qalib əlbəyaxa olublar. Bacıları Aybəniz və Gülbəniz onları sakitləşdirmək istəyib. Qalib atasından qalan ov bıçağını götürərək qardaşına bir neçə zərbə vurub. Mirmehdi yerə yıxılan zaman da ona bir neçə bıçaq zərbəsi vuraraq öldürüb. Bacıları onu sakitləşdirə bilməyib.
Qalib bundan sonra əlini-üzünü yuyaraq icra nümayəndəsinin ofisinə gedib və ondan polisə məlumat verməsini xahiş edib.
Məhkəmədə şahid qismində Qalibin bacıları da dindirilib. Qardaşları Mirmehdinin onlara qarşı ədalətsiz davrandığını bildiriblər. Qalibin ifadəsinə oxşar ifadə verən bacılar baş verən hadisədə günahkar kimi mərhum qardaşlarını görüblər.
Məhkəmənin hökmü ilə Qalib Musayev Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və qanunsuz olaraq silah saxlama maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.