Kriminal

Coratda bir ailəni məhv edən Müşfiq zorlandığını deyirdi – Qətlə yetirilən ailənin xanımından ETİRAZ

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı barədə məlumat vermişdik.

Müşfiq Tağıyev hadisəni qisas məqsədi ilə törətdiyini, ailənin üzvü olan Anar Fərəcovun 26 il əvvəl onu zorlamaq istəməsilə izah edib.

Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: https://musavat.com/news/coratda-3-neferi-olduren-musfiq-10-yasindan-qisasla-boyuyubmus-qan-fisqiranda-hezz-alirdim-sok-ifade_1164907.html

Onun bu ifadəsi Fərəcovlar ailəsi tərəfindən qəbul edilmir və əsassız olduğunu bildirirlər.

Müşfiq Tağıyevin cinayət işinin təfərrüatları xeberde.az saytında dərc edildikdən sonra zərərçəkmiş ailənin üzvü, mərhumların hüquqi varisi kimi tanınmış Fərəcova Tərlan Qulu qızı redaksiyamıza müraciət edib.

O, qətlə yetirilən Dağbəyi Fərəcovanın həyat yoldaşı, Susana Karakaşın anasıdır.

Tərlan Fərəcova Musavat.com-a bildirib ki, Müşfiq Tağıyevin dedikləri əsassızdır:

“Həmin iş üzrə zərərçəkmiş şəxs və eyni zamanda adı hallanan Anar Fərəcovun anası kimi bildirirəm ki, bu, əsassız və qərəzli məlumatdır.

Təqsirləndirilən şəxsin verdiyi ziddiyyətli, sübutsuz və manipulyativ ifadələrdir. Bu, cinayət hadisəsinin əsl mahiyyətinin üstünü örtür, qətlə yetirilmiş ailə üzvlərinin xatirəsinə, sağ qalanların isə şəxsi həyatına qarşı kobud sayğısızlıq təşkil edir.

Təqsirləndirilən şəxs Müşfiq Tağıyev tərəfindən istintaqa təqdim olunan motivin guya uşaqlıqda yaşadığı travma səbəbilə hadisəni törətməsi nə istintaq zamanı sübutlarla təsdiqlənib, nə də məhkəmə tərəfindən hüquqi qiymət alıb. Belə bir iddianın təkcə təqsirləndirilən şəxsin subyektiv ifadəsinə əsaslanaraq ictimaiyyətə təqdim edilməsi və bu “motiv”in əsaslandırılması həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir.

İbtidai istintaq dövründə bir sıra halların araşdırılması üçün Sumqayıt şəhər Prokurorluğuna vəsatət verdik, lakin istintaq orqanı heç bir halı araşdırmadı və sadəcə təqsirləndirilən Müşfiq Tağıyevin ifadəsini əsas tutaraq belə hesab edib ki, hadisə M. Tağıyev tərəfindən təkbaşına törədilib və hadisənin motivi də onun guya uşaqlıqda məruz qaldığı zorakılıq olub.

Eyni zamanda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində də işə baxılması zamanı işin ibtidai istintaqa qaytarılması və göstərilən halların araşdırılmasını xahiş etsək də, məhkəmə vəsatəti təmin etməyib və Müşfiq Tağıyevin ifadələrində ziddiyyətlərin olmasına baxmayaraq, belə hesab edib ki, hadisə Müşfiq Tağıyev tərəfindən təkbaşına törədilib”.

Zərərçəkmiş Tərlan Fərəcova hadisənin Müşfiq Tağıyev tərəfindən tək törədilmədiyi qənaətindədir:

“Biz hesab edirik ki, Müşfiq Tağıyev bu hadisəni təkbaşına törətməyib. Ona kömək edənlər olub və motiv onun Anar Fərəcov tərəfindən uşaqlıqda zorakılığa məruz qalması olmayıb. Çünki Anar Fərəcov ölkəni tərk edərkən Müşfiq Tağıyevin 30 yaşı var idi. Əgər Müşfiq Tağıyevin Anarı cəzalandırmaq məqsədi var idisə, bunu həmin vaxtlar edə bilərdi. Anar ölkəni tərk edib getdikdən 7 il sonra Müşfiqin ailəni məhv etməyə cəhd etməsi hansısa başqa səbəblərdən xəbər verir.

Hadisənin digər şəxslərlə birgə törədilməsi ehtimalı istintaq tərəfindən araşdırılmayıb, mobil telefon lokalizasiyaları, təhlükəsizlik kameralarının görüntüləri toplanmayıb, hadisə yerindəki digər şübhəli şəxslər dindirilməyib.

İstintaq Müşfiq Tağıyevin yaşadığı və yaxın qohumlarının evində axtarış aparmayıb, onun digər əlaqələri, telefon nömrələri və kriminal dəstə ilə ehtimal edilən əlaqələrə dair heç bir sorğu göndərməyib.

Hadisənin guya Anar Fərəcovun Müşfiq Tağıyevə qarşı uşaqlıqda zorakılıq etməsi əsası ilə baş verməsini sadəcə Müşfiq Tağıyev iddia edir. Lakin o, Anarın ölkədə olduğu dövrdə nəyə görə onu cəzalandırmaq istəməməsinin səbəblərini izah edə bilməyib.

Odur ki, biz bu hadisənin motivinin başqa əsaslar olduğunu ehtimal edirik, təəssüf ki, istintaq və məhkəmə bu halların heç birini araşdırmayıb. Ona görə də hazırkı müraciətimizin həmin xəbərdə gedən hallara dair münasibətimiz kimi qəbul edilməsini və mövqeyimizin dərc edilməsini xahiş edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir