Dünya

Maduronu apardılar – əvəzində demokratiya gətirəcəklərmi?

1999-cu ildə Uqo Çaves Venesuelada hakimiyyətə gələndən ABŞ-la bu ölkənin “ulduzları sonadək barışmadı”. Çavesi devirmək mümkün olmadı. Ömrünün sonunadək hakimiyyətini qorumağı bacaran Çavesdən sonra müavini Nikolas Maduro ölkənin birinci postuna sahibləndi və beləliklə, Karakas-Vaşinqton “soyuq” müharibəsi 2013-cü ildən sonra da davam etdi. ABŞ bu illər ərzində dəfələrlə Venesuela müxalifətini hərəkətə gətirib istədiyi rejim dəyişikliyini daxili qüvvələrin əli ilə reallaşdırmaq cəhdi etsə də bacarmadı. Nəhayət, Vaşinqton ən son və radikal variantı-hərbi müdaxilə və xüsusi hərbi əməliyyatla Maduronu həbs edib ABŞ-yə aparmaq yolunu seçdi.

İndi aktual olan suallardan biri budur; Maduronu apardılar, əvəzində Venesuelaya demokratiya gətirəcəklərmi?

xeberde.az-ın xəbərinə görə, bu istiqamətdə verilən siyasi şərhlər və proqnozların əksəriyyəti heç də nikbin deyil. Politoloq Aqil Məmmədov bildirib ki, Venesuelada həyata keçirilən bu son hadisə, əslində hər bir ölkə üçün nümunədir, baxmaqla kifayətlənmək yerinə, analiz etmək vacibdir: “Maduronun necə seçilməsindən asılı olmayaraq, prezident statusu daşıyan şəxsdir. Liderin daxildə sevilib-sevilməməsindən, diktator olub-olmamasından asılı olmayaraq, o, dövlətin simvoludur. Ona qarşı kənardan edilən fiziki müdaxilə əslində həmin dövlətin bayrağına və sərhədlərinə, suverenliyinə edilmiş hücumla eynidir. Onun taleyi ilə bağlı qərarı ABŞ deyil, Venesuela xalqı verə bilər”.

“Əgər uzaq məsafədən gəlib, daxildə əlini-qolunu sallayaraq əməliyyat keçirib, bir ölkənin liderini oğurlayıb aparırlarsa və buna hamı sadəcə tamaşaçı olaraq qalırsa, kimsə səsini çıxarmırsa, deməli, dünya öz oxu ətrafında düzgün fırlanmır. Bu, kiçik və orta gücə malik ölkələr üçün ciddi siqnaldır ki, beynəlxalq hüquq sizi qorumur, yalnız öz gücünüz və daxili birliyiniz sizi qoruya bilər”, – politoloq Musavat.com-a açıqlamasında deyib.

Siyasi ekspertin sözlərinə görə, tarix göstərir ki, xarici müdaxilə ilə gətirilən “demokratiya” və ya “azadlıq” çox vaxt xaos, vətəndaş müharibəsi və ya marionet rejimlər yaradır və heç bir xalqa xoşbəxtlik gətirmir, ölkəni irəli aparmır. Böyük ehtimalla Venesuela üçün də bu təcrübə keçərli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir