Türkiyə parlamentində təmsil olunan və sabiq baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi Gələcək Partiyasından istefalar davam edir.
xeberde.az-ın məlumatına görə, partiyanın İstanbuldan seçilən deputatı Doğan Dəmir də vəzifəsindən istefa verdiyini açıqlayıb.
Bununla, son günlərdə partiyanı tərk edən millət vəkillərinin sayı üçə çatıb. Dəmir istefa qərarını sosial media hesabında açıqlayıb.O bildirib ki, partiyanın uğurlu olması və Türkiyənin siyasi çıxmazdan qurtulması üçün illərlə səylə çalışıb, ölkəni qarış-qarış gəzərək hər kəslə dialoq qurmağa səy göstərib.
“Ancaq gəldiyimiz nöqtədə davamlı bir siyasi zəmindən söhbət gedə bilməz. Təəssüf ki, son iki ildə bütün xəbərdarlıqlarımıza baxmayaraq, ortaq bir xətt formalaşdırıla bilmədi. Bu səbəbdən ayrılmağı zəruri hesab etdim”, – deyə Demir vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə Gələcək Partiyasının İstanbulu təmsil edən daha iki deputatı – İsa Mesih Şahin və Selim Temurci də istefa etdiklərini açıqlayıb. Bununla da partiyanın daxil olduğu “Yeni Yol” fraksiyasının ümumi mandat sayı 21-ə enib.