Dünya

Çin kodları açır – Azərbaycan texnoloji inqilab zəlzələsinə qoşulur?

Dünya texnologiya savaşı içindədir. Mikroçiplər, süni intellekt modelləri, əməliyyat sistemləri, blokçeyn platformaları bu gün neft və qazdan da dəyərli “silah”a çevrilib.

Dünyada bu savaşı tapançasız, tank-sursatsız aparan ən böyük oyunçulardan biri də Çindir. Və qəribə də olsa, Çin bu mübarizədə “pulsuz” qalib gəlməyə çalışır. Çin texnologiyalarını dünyaya pulsuz verir!

Bəs bunun səbəbi nədir?

xeberde.az xəbər verir ki, bir müddət əvvəl Çin “DeepSeek” adlı süni intellekt modelini açıq mənbə şəklində dünyaya təqdim etdi.

Nə lisenziya haqqı tələb olunur, nə məhdudiyyət var. İstəyən yükləyib istifadə edə, hətta öz layihəsinə uyğunlaşdırıb dəyişdirə bilər. Burada söhbət sadə tətbiqlərdən yox, GPT-4 səviyyəsində bir zəkanın verilməsindən gedir. Və bu, bir ilk deyil. Çin artıq mikroçip arxitekturalarını (məsələn, RISC-V), əməliyyat sistemlərini (HarmonyOS), blokçeyn texnologiyalarını (BSN) da eyni şəkildə yayır. Qərb isə bu “xeyriyyəçilik” qarşısında çaşqın və narahatdır.

Çin oyun qaydalarını sürətlə dəyişir.

Ekspertlər deyirlər ki, Pekin bu texnologiyaları pulsuz yaymaqla həm texnoloji, həm siyasi, həm də iqtisadi gücünü daha sürətli və daha geniş şəkildə yayır. Əslində, bu, “yumşaq güc” diplomatiyasının texnoloji formasıdır.

Amerikada bir süni intellekt modelindən istifadə etmək üçün şirkətlərin minlərlə dollar ödəməsi tələb olunur. O da əgər ABŞ hökuməti icazə verərsə, bu mümkün olur. Amma Çin tam əksinə, hər kəsə çağırış edir, “Gəlin, bizim texnologiyadan istifadə edin. Pulsuzdur, açıqdır və üstəlik özünüzə uyğunlaşdırın. Hətta adını dəyişin, yenidən paylaşın, narahat olmayın”.

Bu yanaşma xüsusilə inkişaf etməkdə olan ölkələr üçün xilas körpüsüdür. Çin texnologiyadan məhrum olan dövlətlərə Amerikanın dominant mövqeyindən kənar imkanlar açır. Çinin bu “açıq texnologiya” siyasəti ilə sadəcə proqram deyil, oyun qaydaları yazır. Çünki bu texnologiyalar nə qədər geniş yayılsa, sabahkı qlobal standartlara da o qədər Çin damğası vurulacaq.

Əgər sabah Afrika ölkələri Çin AI sistemləri ilə öz milli platformalarını qurursa, onların gələcək texnoloji baxış bucaqları artıq Qərbə yox, Pekinə bağlı olacaq. Əgər blokçeyn əsaslı dövlət idarəçiliyi Çin texnologiyası üzərində qurulursa, bu sistemlərin dilini, protokolunu, təhlükəsizlik mexanizmini də Çin müəyyən edəcək.

Çinin bu siyasətinin iqtisadiyyatı necə dəyişəcəyi ilə bağlı proqnozlar da müsbət yönümlüdür.

Amerikanın texnologiya hegemoniyası zəifləyəcək. “Google”, “Microsoft” və “OpenAI” kimi şirkətlər dünya bazarını nəzarətdə saxlamaq imkanlarını itirəcəklər. Texnologiyanın “sosiallaşması” baş verəcək. Daha çox ölkə süni intellekt və innovasiya ilə məşğul olmaq imkanı əldə edəcək. Texnologiya daha əlçatan olacaq. Geosiyasi güc balansı dəyişəcək. Çin yalnız iqtisadi güc yox, texnoloji liderə çevriləcək.

Bu gün Çin-Qərb qarşıdurması həm də dünya ölkələrinin kimin texnologiyalarından istifadə edəcəyi üzərindədir.

Qərb ölkələri Çini yeni növ asılılıq yaratmaqda ittiham edir. Əsas arqument də budur ki, açıq texnologiya sadəcə troyan atıdır, gizli təhlükədir.

Çinin texnologiyasını açıq şəkildə yayması bəziləri üçün azadlıq, müstəqillik, inkişaf deməkdir. Digərləri üçün isə bu, məlumatların toplanması, sui-istifadə və təhlükəsizlik riski daşıyır. Əgər Çin açıq texnologiyalarla dünyanı öz platformasına bağlaya bilsə, gələcəkdə bu “hədiyyə”nin qarşılığında nə istəyə biləcəyi sual altındadır.

Bu gün Çin AI modelini pulsuz verir, çipi açıq kodla təqdim edir, əməliyyat sistemini lisenziyasız istifadəyə açır. Amma bu, sadəcə texnologiya vermək deyil. Bu, geosiyasi şəbəkə qurmaq, təhlükəsizlik, iqtisadiyyat və siyasəti texnologiya vasitəsilə formalaşdırmaq planıdır.

Bu oyunda bir həqiqət dəyişməz qalır. Kodu kim yazırsa, gələcəyi də o yazır.

Bəs Azərbaycan Çin texnologiyalarının “açıq mənbə” əsasında yayılmasından necə faydalana bilər?

Çin texnologiyanı “pulsuz” təqdim etməklə əslində müttəfiq toplayır, texnoloji zonasını genişləndirir. Azərbaycan isə bu prosesdə böyük imkanlar qazana biləcək ölkələrdən biridir.

Bu gün dünya sənayesi və xidmət sektoru AI (süni intellekt) ilə təməl şəkildə dəyişir. Azərbaycan isə bu sahədə hələ ilk addımlarını atır.

“DeepSeek”, “Ziya-LLaMA”, “ChatGLM” kimi GPT səviyyəsində AI modelləri açıq kodludur. Yəni Azərbaycan bu modelləri öz dilində, öz sferası üzrə lokal versiyada tərtib edə bilər. Dövlət idarəçiliyində avtomatlaşdırma, yəni AI köməkli vətəndaş xidmətləri, təhsil sistemində AI müəllim assistentləri, Azərbaycan dilində AI tərcümə və nitq tanıma modelləri, süni intellektlə çalışan məhkəmə arxiv sistemləri yaradıla bilər.

Bu gün Çinin “Huawei”in hazırladığı “HarmonyOS” və digər sistemlər tam açıq kodludur. Ölkəmizin dövlət qurumları üçün lokallaşdırılmış əməliyyat sistemləri qurula bilər. Məsələn, nazirliklərdə “Windows” asılılığından azad olmaq, Çin blokçeyn platforması əsasında şəffaf tender, sənəd dövriyyəsi və seçki sistemləri inşa edilə bilər, kibertəhlükəsizlik baxımından Qərbdən asılılıq azalar.

Çin RISC-V arxitekturasını – mikroçip dizaynı dünyaya açıb. Bu arxitektura ilə artıq yerli startap və şirkətlər qurula bilər. Azərbaycan istehsalı IoT cihazları -sensor, avtomatlaşdırma avadanlıqları, kənd təsərrüfatında ağıllı monitorinq cihazları, enerji sektorunda ağıllı hesablama sistemləri qura bilərik.

Çin mənşəli səhiyyədə süni intellekt tətbiqləri də açıqdır. Çin tibbi diaqnostika üçün açıq mənbəli AI sistemləri yayımlayır. X-ray və MRT şəkillərində AI diaqnoz texnologiyaları, tibbi sual-cavab chatbotları -AI həkim assistentləri, pandemiya modeli, risk analizi və xəstəliklərin proqnozu mümkündür.

Azərbaycanın səhiyyə sistemində bu alətləri tətbiq etməklə rayon xəstəxanalarında həkim çatışmazlığını qismən kompensasiya etmək olar, elektron resept sistemi, diaqnoz dəstəyi təmin edilə bilər.

Bundan başqa, startaplar və gənclər üçün texnoloji inkubasiya da mümkündür. Çinin açıq kodlarla imkan yaradır ki, Azərbaycanlı gənclər bu modelləri öyrənib yerli proqramlar və tətbiqlər yaratsınlar, AI, blokçeyn, robototexnika üzrə milli hackathon və startaplar qurulsun, dövlət və özəl sektor bu texnologiyaların azərbaycanlaşması üçün vəsait ayırsın.
Çin artıq BSN (Blockchain-based Service Network) adlı açıq blokçeyn platformasını təqdim edib.

Azərbaycanda əmlak qeydiyyatı, rəqəmsal vətəndaşlıq, elektron sənəd dövriyyəsi, ağıllı müqavilələr sahəsində bu texnologiyalar istifadə edilə bilər. Bu da həm şəffaflıq, həm sürət, həm də xərclərin azaldılması deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir