Avstriyanın Qrats şəhərində məktəbə silahlı hücum edən şəxsin evində aparılan axtarış zamanı istifadə üçün yararsız, lakin təhlükəli hesab edilən əldəqayırma partlayıcı qurğu aşkar edilib.
xeberde.az xəbər verir ki, bu barədə məlumatı “Heute” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.
Məlumata görə, Qratsın ətrafında yaşayan Artur A. adlı 21 yaşlı şəxs hücumdan əvvəl valideynlərinin evində anasına ünvanladığı vida videosu çəkib. O, videoda bu addımı tamamilə öz iradəsi ilə atdığını bildirib.
Anası videonu oğlunun göndərməsindən 24 dəqiqə sonra alıb və dərhal polisə məlumat verib. Təəssüf ki, həmin ana qədər oğlu artıq məktəbdə insanlara atəş açırmış.
Qeyd edək ki, sosial şəbəkələrdə hücumçunun erməniəsilli Artur Avetisyan olduğu barədə məlumatlar yayılıb.
