Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixində Gürcüstana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda xüsusilə bu cəhət vurğulanır ki, dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri münasibətlərimizin inkişaf etdirilməsində böyük əhəmiyyət daşıyır. Çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır.
Səfər çərçivəsində müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir.
Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir. Gürcüstanda çox müsbət sərmayə iqlimi var və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı gürcü xalqıdır və Sizin apardığınız siyasətdir. Biz sizin dostlarınız, qonşularınız kimi buna sevinirik və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.
Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. dünyada gedən qlobal proseslərlə bağlı fikirlərimizi, sözümüzü həmrəy şəkildə demişik. Bundan sonra da . hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləyəcəyik.
Dediklərimiz sübut edir ki, mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Bütün bunlar ölkələrimiz arasındakı münasibətlərin iqtisadi, siyasi və digər sahələrdə yüksələn xətt üzrə inkişafını sübut edir. Əminik ki, bu son səfər də iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək.
Ələsgər Mirzəzadə,
ADPU Cəlilabad filialında baş müəllim, tarixçi-tədqiqatçı




