Azərbaycan qadını əbədi gözəllik simvolu olmaqla yanaşı, dövlətin, cəmiyyətin, ictimai-siyasi həyatın, hər bir evin aynası, o evdəki həyatın mənası, ailənin dayağıdır. Azərbaycan qadınları müdrik hökmdar, cəsur sərkərdə, bacarıqlı diplomat, istedadlı şairə, sənətkar kimi tariximizdə iz qoyublar. Zəmanəmizdə isə sədaqətli Vətən qızı, mübariz ictimai xadim, xeyirxah insan missiyasının daşıyıcısı olan xanımlar haqqında söhbət, təbii ki, cildlərə sığışmaz, onların ümumiləşmiş siması kimi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı və fəaliyyəti danılmazdır.
Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır.
Fəxrlə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti , ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.
Ədalət Əsgərov,
Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri




