Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bu tarixi 34 ildir ki, əlamətdar bayramlardan biri kimi qarşılayırlar. 2020-ci ildən etibarən isə Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə və coşqu ilə qeyd olunur. Çünki artıq torpaqlarımız işğaldan azad olunub. Vətən müharibəsindəki tarixi qələbədə xalqımızın milli həmrəyliyi də böyük rol oynayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünya ölkələrində yüksək səviyyədə qeyd edilməsində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının da rolu əvəzsizdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Təbii ki, Azərbaycan diasporunun formalaşması, xaricdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirməsində ümummilli lider Heydər Əliyevin əməyi, rolu əvəzsizdir. Mübaliğəsiz demək olar ki, Azərbaycan diasporunun bu günkü mərhələyə gəlib çatmasında ümummilli liderin atmış olduğu tarixi addım mühüm əhəmiyyət kəsb edir. Belə ki, Heydər Əliyevin imzaladığı sərəncam əsasında 2001-ci ilin, noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu sahədə dönüş oldu. Qurultayda ümummilli liderin şəxsən iştirak etməsi Onun azərbaycanlıların birlik və bərabərliyinə, həmrəyliyinə nə dərəcədə ciddi diqqət yetirdiyini ortaya qoyurdu. Bu gün tam əminliklə deyə bilərik ki, dünyada yaşayan azərbaycanlılar həmrəydirlər. Çünki bu işin bünövrəsi sağlam təməllər üzərində qurulub. Ən başlıcası Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət günümüzdə də uğurla davam etdirilir. Bunun bariz nümunəsi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin bilavasitə iştirakı ilə Dünya Azərbaycanlılarının 2, 3 və 4-cü qurultaylarının yüksək səviyyədə keçirilməsidir. Məhz bu kimi qurultaylar, toplantılar dünyada yaşayan azərbaycanlıların daha da həmrəy olmasını şərtləndirir, bunu reallığa çevririr. Bu gün artıq əminliklə deyə bilərik ki, keçən illər ərzində biz buna nail olmuşuq.
Sürəyya Zeynalova
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin Direktoru




