Cəmiyyət

Qarşılıqlı faydalı tərəfdaşlıq

        Məlum olduğu kimi, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam artıq ölkəmizə dövlət səfərində olub.  Səfər çərçivəsində hər iki ölkə lideri mətbuata bəyanatla çıxış ediblər. Dövlət başçısı İlham Əliyev sözügedən bəyanatda əsas diqqəti 2014-cü ildə Vyetnama dövlət səfərinə və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinə yönəldərək vurğuladı ki, atılan bu addımlar, qarşılıqlı səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.

       Ulu Öndər Heydər Əliyevin 42 il əvvəl-1983-cü ildə  sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb. Azərbaycanın Vyetnama dəstəyi təkcə neft sənayesi mütəxəssisləri və avadanlıq göndərməkdən ibarət olmayıb. Sovet dövründə minlərlə vyetnamlı Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alıblar. Onlar ölkələrinə qayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışaraq, Vyetnamın inkişafına töhfələr veriblər.  Azərbaycanın geostrateji mövqeyini və Orta Dəhliz (Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu) çərçivəsində multimodal infrastrukturun inkişafını nəzərə alaraq, Vyetnam öz məhsullarının Avropa bazarlarına çatdırılması üçün Azərbaycanın tranzit potensialından istifadədə maraqlıdır. Azərbaycan sayəsində Orta Dəhliz davamlı inkişaf əldə edib: ölkə dəniz limanlarının, dəmir yollarının və logistika mərkəzlərinin müasirləşdirilməsinə investisiya qoyub. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və inkişaf etmiş dəmir yolu infrastrukturuna malik olan Azərbaycan Avrasiya məkanında əsas logistik mərkəzə çevrilib.

      Səfər zamanı imzalanan sənədlər iki dost ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da iqtisadiyyatlarımızın gələcəkdə daha da şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları yaradılır. Düşünmək olar ki, Azərbaycan- Vyetnam ikitərəfli əlaqələri bundan sonra da inkişaf edən templə davam edəcək.

Məmmədzadə Əliyev,

Cəlilabad Rayon İcra Hakimiyyəti

başçısı aparatının Hüquq şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir