Saqqal kişiliyin, üslubun və fərdiliyin simvoludur. Lakin onun səliqəli görünüşünün arxasında xoşagəlməz və hətta təhlükəli sürprizlər gizlənə bilər.
Saqqal saxlamaq sağlamlıq üçün hansı riskləri daşıyır?
xeberde.az lent.az-a istinadən saqqalın təhlükələrini təqdim edir:
Lester Universitetindən klinik mikrobiologiya üzrə ekspert doktor Primrouz Fristoun xəbərdarlıq edib ki, saqqallı kişilər it tüklərinə nisbətən daha çox mikrob daşıya bilərlər. Saqqallar mikroorqanizmlərin, xüsusən də bakteriyaların inkişafı üçün unikal mühit yaradır. Ən ekstremal hallarda isə bəzi saqqallı kişilərdə tualetdə tapılandan daha çox mikrob ola bilər.
“O, isti, tez-tez nəmli bir mühit yaradır. Burada qida qalıqları və yağlar yığılır. Mikrobların inkişafı üçün ideal şərait yaranır. Mikroblar yalnız saqqalın təmin etdiyi isti və nəm şəraitə görə deyil, həmçinin əllərin tez-tez üzü və müxtəlif səthləri toxunması nəticəsində yeni çirkləndiricilər və mikroblarla davamlı təmasda olduğu üçün də inkişaf edir”, – deyə o bildirib.
Araşdırma detalları
Tədqiqatlar göstərir ki, üz tükləri yuyulandan sonra belə bakteriya və toksinləri saxlaya bilər.
2018-ci ildə dərc olunan bir araşdırmada itləri və insanları eyni MRT aparatında yoxlamağın gigiyenik olub-olmaması araşdırılıb. Analiz göstərib ki, saqqalların əksəriyyətində it tüklərinə nisbətən xeyli çox mikrob, o cümlədən zərərli bakteriyalar olub.
“18 kişidə yüksək mikrob səviyyəsi müşahidə olunub. Halbuki 30 itdən yalnız 23-də yüksək, 7-də isə orta səviyyədə mikrob aşkarlanıb”, – deyə məlumatda bildirilir.
Saqqal həmçinin dəridə infeksiyaların yayılmasına səbəb ola bilər. Məsələn, üz nahiyəsində rast gəlinən, adətən qızılı stafilokok bakteriyası tərəfindən törədilən yoluxucu səpgilər, impetiqo xəstəliyi yarana bilər.
Nadir hallarda isə normalda qasıq nahiyəsində yaşayan qasıq bitləri kimi parazitlər saqqalda da peyda ola bilər.
Saqqala qulluq
Saqqal altındakı dəri qan damarları, sinir ucları və immun hüceyrələri ilə zəngindir. Buna görə də mikrob və ekoloji stress amillərinə qarşı çox həssasdır.
Dərinin yağ ifrazı, ölü dəri hüceyrələri, qida qalıqları və çirkləndiricilər yığılanda dərini qıcıqlandıra və göbələk, bakteriya inkişafına şərait yarada bilər.
Mütəxəssislər kişilərə hər gün üz və saqqallarını yumağı tövsiyə edirlər ki, kir, yağ, allergenlər və ölü dəri hüceyrələri təmizlənsin. Digər məsləhətlərə dərinin qurumasının qarşısını almaq üçün nəmləndiricilərdən istifadə etmək, saqqal darağı ilə çirkləri təmizləmək və saçların tökülməsinə nəzarət üçün saqqalı qırxdırmaq daxildir.Gündəlik gigiyena və düzgün qulluq sayəsində saqqal ciddi risk daşımır.