AKTUAL Dünya

“Bacıoğlu” Pəhləvi, ya “qardaşoğlu” Pezeşkian?..

İnsanlar monarxları–böyük şahları, onların övladlarını bəlkə də Dünyanın ən xoşbəxtləri bilirlər. Amma belə deyil, ən azı heç də həmişə belə olmur.

Bunun üçün çox uzaq tarixə ekskurs etməyə, hətta Böyük Fransa İnqilabını yada salmağa ehtiyac yoxdur, yetər ki, ötəın əsrin əvvəlində Romanovlar sülaləsinin yaşadığı faciəni xatırlayasan. Ona görə “faciə” deyirəm ki, bəlkə də çarın özünü, hətta həyat yoldaşını cəzalandırmaq üçün ciddi əsaslar vardı, amma onların uşaqlarının günahı yox idi axı!

Özü də bu, tək monarxlara da aid deyil. Ötən yazılarda da böyük siyasətin kimsəyə xoşbəxtlik gətirmədiyini yazmışdıq. Düşünürük bunlar təzədən İran siyasətində aparıcı “aktor”lara çevrilən Pəhləvilərə də aiddir: şahzadə Pəhləvi də bəlkə də çox varlı adamdır (adamın yadına lap sərsəm “Varlılar da ağlayır” serialı düşür!), amma bioqrafiyasından görünür ki, heç də tamam xoşbəxt deyil adam, yox, bu şahanə ailəni də “xoşbəxt ailə” adlandırmaqçün tutarlı əsas yoxdur. Odur, hətta sırf şəxsi tale və ailə motivləri yana, indinin özündə fikirləşirik ki, daha bir cəhd şahzadə Pəhləviyə heç olmasa, uğur gətirəcəkmi?

Ona qarşı etirazçı insanlardan hansısa ciddi bir jest müşahidə etmirik, əksinə hələ də əksər təhlilçilər iddia etməkdədir ki, İran əhli nə Pəhləvinin, nə də ABŞ imperializminin qayıtmasını arzulamır, guya bizim cənublu soydaşlarımızın da passivliyi daha çox bununla bağlıdır.
Başa düşürük, özümüzün belə yadımıza gəlmir ki, 20-ci əsrdə bir monarxın hakimiyyətə qayıdışı oldumu? Xatırlamırıq! Bəlkə də əksinə oldu: ötən əsr daha çox imperiyaların və monarxiyaların çöküşü əsri oldu. ABŞ imperializminə gəldikdə, İranda cəhalətçi islam inqilabının səbəblərindən biri elə bu olmadımı?

Soydaşlarımızın “problemi”sə güman, hamımıza bəlli “bioloji millətçilik”dir. “Bəli, Xameneyi də bizimkidir və hətta fəxrimizdir” – bəlkə də cənublular da belə deyirlər.
Problem bundadır. Bu soyuq yanvarda bilirsinizmi, nələr yada düşür? Özümüzün də yaxın keçmişimizdə bəziləri hətta Əbdürrəhman Vəzirov haqqında eyni sözləri deyirdi: “Kişi Pakistanda səfir olub, fəxrimizdir”!

Deyən yox idi ki, kişinin qafası azərbaycanlı -türk, hətta müsəlman qafası deyil! İnternetin üstünlükləri həqiqətən də çoxdur. Vəzirovun bioqrafiyasına da nəzər saldıq: adamın kökləri az qala, Qarabağ xanlığına gedib çıxırmış! Amma nə olsun? Ermənilər insanlarımızı sürgün edirdilər, Qarabağ əldən gedirdi, amma Vəzirov bizimçün Tümendən hamam gətizdirməyə çalışır, ya da “Yoldaşlar, sizə şad xəbər deyəcəm: ermənilər qayıdır!” söyləyirdi…


Eyni söz Seyyid Əli Xameneyiyə də aiddir: Xameneyi də nəinki irançı, hətta qatı anti-türkçüdür.
Belədəsə, etirazlar hələ də davam edir. Pəhləvi hələ də aktiv fiqurlardandır. İran əhlini bilmirik, amma deyəsən, xarici ölkələrdəki çoxsaylı İran diasporaları Pəhləviyə dəstək verməkdədir. Bu günlərdə hamımızın sevimlisi müğənni Faiqə xanım (məşhur Ququş) da prezident Trampa müraciət etdi ki, İran xalqına və şahzadə Pəhləviyə dəstək olsun.

Təbrizsə hələ tərəddüdədir. Fəallıq edənlər deyilənə görə, farslar və digər millətlərin insanlarıdır. Həm fars və həm də türk kökənli Pəhləvi əslində İran dövlətçiliyini hifz edəcək simvol kimi maraqlı olmalıdır. Elə bizim qardaşlar üçün də Pəhləvi ən azı “bacıoğlu” (lap qədimləri bilmirəm, amma adamın nənəsi, anası şahbanu Fərəh xanım, necə deyər, xalis türkdür) kimi məqbul ola bilər: adam Seyyid Əli Xameneyidən pis olacaqmı cənublu türk qardaşlarımız üçün?..


Pəhləvi siyasi planlarını hələ açıqlamır. Amma az qala, ABŞ-da böyümüş bir insandır, hər halda, bunun da adamın dünyagörüşünə təsiri olur. Başa düşürəm, Kim Çen In da Avropada təhsil alıbdır, Bəşər Əsəd də orada oxuyub oftalmoloq olmuşdu. Sözümüzün davamı kimi də deyək ki, bir dəfə tamamilə təsadüfən bir nəfər iranlı diplomatın bioqrafiyasını oxumuşdum. Adam bütün təhsilini, elmi dərəcələrini Avropada almışdı, böyük universitetlərdə oxumuşdu. Amma qolubağlı qul kimi molla rejiminə xidmət edirdi və o vaxtlar bundan bir yazı da yazmışdım: bəli, hətta təhsil də hələ hər şey demək deyil.
Odur ki, kimsə şahzadə Pəhləvinin də gizlinlərini bilmir, ola bilsin, adamın ağlında daha çox bir şey var: mən şah oğluyam və bəlkə də bu, mənim də, ailəmin də sonuncu şansıdır! Düzdür, adam bu yaxınlarda siyasi niyyətlərini açıqladı, amma şəxsi siyasi planları hələ də bir sirr olaraq qalır.
Amma şahzadə Pəhləvi üçün İran anlayışının da mövcudluğu şübhəsizdir, yoxsa adam İraqla müharibə vaxtı zabit kimi döyüşlərdə iştirak etmək arzusunda olmazdı. Əsl şahlarda, hətta şahzadələrdə, şah oğullarında bəzən adi avtoritar liderlərdə olmayan hisslər olur ki, bunu yalnız onlar özləri, əsl şah nəslindən olanlar bilirlər, qəzzafilər, əsədlər, mübarəklər, səddamlar, daha nə bilim, kimlər yox.
Ümidlərimizi itirmədiyimiz daha bir lider var İranda–prezident Pezeşkian. Bizim cənublu türkümüz, həqiqəqətən də türk qafalı bir insan. Doktor bu yaxınlarda etirazçılarla görüşdü, özü hakimiyyətə dəstəkçilərin yürüşünə qatıldı, hətta xalqa müraciət etdi. Amma bizim Doktor hələ tərəddüd edir, ya da başqa bir səbəbi var. Bir siyasi təhlilçi kimi deyirik ki, onun Pəhləvilə də kontakt yaratmağa cəhd etməsi tamam məntiqli olardı, çünki şahzadə Pəhləvi etiraz müstəvisində indi də demək olar ki, yeganə fiqurdur, özü də elə belə fiqur deyil, əlaqələri, kanalları, imkanı olan fiqurdur. Belə kontaktdan yalnız İranı idarə edən ayətullahlar qəzəblənərdi. Cəhənnəmə ki! Pezeşkian nəhayət ki, bir gün onlara qarşı demraş etməlidir, ya yox? Nə olur, olsun! Böyük siyasət risk tələb etmirmi, adam anlamırmı bu yolda mükafat da olar, böyük və hətta acı uğursuzluqlar da…

Pəhləvinin Pezeşkiandan fərqi bilirsinizmi, nədir? Şahzadə düşmənini çoxdan müəyyən edib, Doktor isə hələ də tərədüd edir, düşünür-daşınır. Zamansa gözləmir və artıq bəziləri belə xəbər verir ki, guya Tehranla Vaşinqton arasındakı gizli danışıqlar başa çatmaqdadır, guya razılıq da var ortada və Vaşinqtonda artıq qərar belə olubdu ki, guya İranda inqilab üçün şərait hələ də yetişməyibdir!
Bizdə bu xəbərlər təəccüb yaratmadı. Birincisi, diplomatlar hətta müharibələr zamanı boş dayanmırlar. İkincisi, ABŞ İranla bağlı (özü də tək İranla bağlımı?) həmişə ikibaşlı siyasət aparıb, onları teokratiya-filan narahat etmir. Məgər Səudiyyə teokratik monarxiya deyilmi? Məgər bir neçə il əvvəl həmin amerikalılar prezident R.T. Ərdoğanın da yerində bir “molla”nı oturtmaq istəmirdilərmi?..
Bilmirəm, deyəsən, vaxt çox az qalıbdır. İnqilab emosional prosesdir, çox şey an içində həll olur. İrandasa proses hələ “acı bağırsaq” kimidir. Uzanır, uzanır və bir də gördün, tamam söndü; böyük “siyasət tacirləri” bu səhifəni də çevirib mollalarla təzə səhifədən başladılar. Önlar üçün problem deyil bu, neçə bu cür səhifələr çevirib, hətta cırılıb atılıbdır.

Bugünlərdə İranda hərbi vəziyyət elan olundu deyəsən. Maraqlıdır, ruhani rejimi vəziyyətin təhlükəli həddə çatdığını hiss edərək bu qərarı verib, yoxsa Vaşinqtonla “bazarlaşandan” sonra neçə həftədir ki, davam edən “özbaşnalıqlar”a son verməkçün qəti hücuma start vermək istəyir? Hələki bilmirik, amma çox çəkməz, bunu da aydınlaşdırarıq. Belədəsə, özümüz də bir siyasi müşahidəçi kimi çox narahatıq, həqiqətən də proses çox uzanır…

Hüseynbala Səlimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir