Bu ilin 13-23 oktyabr tarixlərində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi ekspedisiya təşkil edilib. Ekspedisiya Balıqçılıq və Akvakultura Mərkəzinin publik hüquqi şəxsin təşkilatçılığı, AMEA Zoologiya Institutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti ve Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə baş tutub.
xeberde.az xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev “Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Qurum rəsmisi qeyd edib ki, bu müddət ərzində Xəzər dənizində və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının qiymətləndirilməsi aparılıb:
“Xəzər dənizində aparılan ekspedisiya zamanı kilkə, siyənək, külmə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri həyata keçirilib, daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, külmə, naxa, sazan, sıf, şamayı və xəşəm növlərinin faktiki vəziyyəti qiymətləndirilib.
Tədqiqatlar çərçivəsində qeyd olunan balıq növlərinin çəki göstəriciləri, bədən uzunluğu və daxili orqanlarının morfoloji xüsusiyyətləri ətraflı şəkildə öyrənilib. Əlavə olaraq Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərdən istifadə olunaraq balıq sürülərinin miqrasiya marşrutları, sıxlıqları, növ tərkibləri öyrənilib.
Ekspedisiya zamanı balıq nümunələrindən əlavə zooplankton və fitoplankton nümunələrinin toplanması xüsusi metodlar vasitəsilə həyata keçirilib.
Su nümunələri Xəzər dənizində müxtəlif nöqtələrdən, 10 m və 25 m olmaqla iki fərqli dərinlik üzrə götürülüb, Nazirliyin tabeliyində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda laborator analiz olunub.
Bu qiymətləndirmələrin nəticələri həm cari ilin faktiki göstəricilərinin təhlilində, həm də qarşıdakı illər üçün planlaşdırılan buraxılış tədbirlərinin müəyyən edilməsində əsas baza rolunu oynayıb.
Mütəxəssislərin hesablamalarına əsasən, Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə daxili su hövzələrində hər il təxminən 6–12 milyon ədəd körpə balığa, eyni zamanda Xəzər dənizi üçün bu göstərici 11–23 milyon ədəd körpə balıq buraxılışına ehtiyac var”.
Ceyhun Əliyev əlavə edib ki, 2026-cı il üzrə ov kvotalarının müəyyən edilməsi məqsədilə ekspedisiyanın nəticəsi əsasında tərtib edilmiş hesabatlar təhlil edilərək və AMEA Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.



