Azərbaycanda elektron siqaretlərin qadağan olunması ilə bağlı qərar hələ müzakirə mərhələsində olsa da, mövzu artıq cəmiyyətdə ciddi rezonans doğurub. Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin keçirilən birgə iclasında “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliklər gündəmə gətirilib. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan olunur. Bundan başqa, nikotin tərkibi olmayan elektron siqaretlərin reklamına da qadağa nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elektron siqaretlərlə bağlı qlobal hesabatı problemin miqyasını aydın göstərir. Hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir. Onların azı 15 milyonu 13–15 yaşlı yeniyetmələrdir. ÜST bildirir ki, sosial media və influenserlər vasitəsilə 16 minə yaxın müxtəlif dadlandırıcı ilə uşaqlar birbaşa hədəfə alınır. Mövcud statistika isə yeniyetmələr arasında elektron siqaret istifadəsinin yetkinlərlə müqayisədə təxminən 9 dəfə daha yüksək olduğunu göstərir. Əvvəllər ənənəvi siqareti tərgitmək istəyənlər üçün alternativ kimi təqdim edilən bu məhsullar son illərdə xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Daha təhlükəlisi isə odur ki, elektron siqaretlər əvvəllər ümumiyyətlə, siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə populyarlaşır.

Qadağa xəbərləri fonunda paytaxt Bakıda real vəziyyət necədir? Hazırda elektron siqaretlərin satışı davam edirmi ? Musavat.com-un əməkdaşı bu suallara cavab tapmaq üçün şəhərin müxtəlif market və köşklərinə baş çəkib.
İlk ünvanımız əslində qəzet və jurnalların satılmalı olduğu, lakin uzun illərdir əsasən siqaret, şirniyyat və müxtəlif xırda məhsulların təklif edildiyi köşklər oldu. İlk yaxınlaşdığımız köşkdə elektron siqaretlərin açıq şəkildə satışda olduğu məlum oldu. Satıcının sözlərinə görə, bir ədəd elektron siqaretin qiyməti 35 manatdır. Bu məhsulun üzərində isə “50 min tüstü” vədi yazılıb. Rəflərdə giləmeyvəli və müxtəlif dadlı elektron siqaretlər də diqqət çəkirdi.

Növbəti köşkdə də vəziyyət fərqli deyildi. Burada isə alıcılara daha ucuz – 20 manatlıq elektron siqaretlər təklif olunurdu. Satıcıdan elektron siqaretlərin qadağan olunacağı ilə bağlı xəbərlərə münasibətini soruşduqda belə cavab verdi:
“Doğrudur, belə xəbərlər gəzir. Ola bilsin ki, daha sata bilmədik. Əlimizdə hələlik bunlar var. Yeniyetmələr çox meyillidir, xoşlayırlar, ən çox onlar alır. Bir də ənənəvi siqareti atmaq istəyənlər. Vallah, nə deyək, qoymayacaqlar, satmayacağıq”.
Şəhərin müxtəlif ərazilərində yerləşən daha bir neçə köşkə də baş çəkdik. Müşahidələr göstərdi ki, hələlik köşklərin əksəriyyətində elektron siqaretlərin satışı problemsiz davam edir. Satıcılar qadağa ilə bağlı məlumatlı olsalar da, hazırda əllərində olan məhsulu satmağa üstünlük verirlər.

Marketlərdə isə vəziyyət nisbətən fərqlidir. İri marketlərdən birində satıcı qadağadan xəbərdar olduqlarını və bu səbəbdən elektron siqaretləri artıq satışdan yığışdırdıqlarını bildirdi. Hətta market işçisi bizi elektron siqaret alıcısı zənn edərək xəbərdarlıq da etdi: “Bax, təkcə satışı yox, hətta alıcıları da cərimələyirlər. Elektron siqaret çəkmək cinayətdir, çəkmə”, – deyə ciddi şəkildə tapşırdı.
Digər iri marketlərdən birində isə elektron siqaretlərin tam yığışdırılmadığı məlum oldu. Burada köşklərlə müqayisədə məhsulların sayı və çeşidi az olsa da, satışın hələ də davam etdiyi görünürdü. Yəni marketlərdə də elektron siqaretlər tamamilə yoxa çıxmayıb.

Beləliklə, qanun layihəsi hələ qəbul olunmasa da, Bakıda elektron siqaretlərin satışı ilə bağlı ziddiyyətli mənzərə yaranıb. Köşklərdə satış demək olar ki, əvvəlki qaydada davam edir, iri marketlərdə isə qadağaya daha ehtiyatla yanaşılır. Qadağa qüvvəyə mindikdən sonra bu mənzərənin necə dəyişəcəyi isə zamanla bəlli olacaq.




