2023-cü ilin ilk günlərindən sentyabr ayına qədər ardıcıl və məqsədyönlü aparılan antiterror siyasəti axırda 1 günlük antiterror əməliyyatı İlə başa çatdı. Antiterror əməliyyatının gedişi və nəticəsi ölkəmiz üçün uğurlu oldu.
Qarabağın azad edilməsi uğrunda hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı. 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.
2023-cü il 19-20 sentyabr tarixlərində baş verən antiterror əməliyyatı, regionda təhlükəsizlik vəziyyətinin yenidən nəzərdən keçirilməsinə və ciddi dəyişikliklərə səbəb oldu. Bu əməliyyat, bölgədəki terror təşkilatlarına qarşı yönəlmiş mübarizənin bir hissəsi olaraq, hökumət tərəfindən geniş miqyaslı bir tədbir olaraq həyata keçirildi.
Separatçıların Qarabağda qeyri – qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri- qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur.
Antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.
Aynur Qəhrəmanova,
ADPU-nun Cəlilabad filialının Tarix və coğrafiya müəllimliyi
fakultəsinin IV kurs tələbəsi




