Cəmiyyət

Layiqli humanitar körpü

Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin – Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.

Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.

Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.

Regionlararası əməkdaşlığın uğurlu inkişafını xüsusi qeyd etmək olar. Bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib.

Beləliklə, ölkələrimiz arasında mədəni-humanitar əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin vacib sahəsi deyil, həm də ortaq dəyərlərimizi, zəngin mədəni irsimizi və xalqlarımız arasındakı qardaşlıq bağlarını strateji humanitar körpüdə birləşdirən ən nmühüm amildir.

                                                                                              Kəramət Həsənov,

                                                   Təqaqüddə olan müəllim, əməkdar müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir