Cəmiyyət

Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır

“Sosial media istifadəsini azaltmaq üçün ən effektiv üsul ondan tamamilə imtina etmək deyil. Çünki bu gün sosial media artıq həyatımızın bir hissəsidir. Əsas məsələ ondan düzgün və sağlam şəkildə istifadə etməyi öyrənməkdir”.

xeberde.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb.

Onun sözlərinə görə, ilk növbədə insan özünə sual verməlidir:

“Mən telefona həqiqətən ehtiyac olduğu üçün baxıram, yoxsa sadəcə vərdişdən?”

“Məsələn, lazımsız bildirişləri söndürmək, yemək zamanı və ailə ilə söhbət edərkən telefonu kənara qoymaq, yatmazdan əvvəl sosial şəbəkələrdən istifadə etməmək sadə, amma effektiv addımlardır. Lakin bir məqam xüsusilə vacibdir: telefonu əlimizdən almaq kifayət deyil. Onun yerini nə ilə dolduracağımızı da bilməliyik.

Canlı ünsiyyət, idman, hobbi, kitab oxumaq, açıq havada vaxt keçirmək insanın diqqətini və emosional enerjisini yenidən real həyata yönəltməyə kömək edir”.

Baş həkim bildirib ki, insan sosial media istifadəsini azaltmaq istədiyi halda bunu dəfələrlə bacarmırsa, gecələr yatmırsa, sosial media onun işinə, təhsilinə və münasibətlərinə mənfi təsir göstərirsə, bu vəziyyəti sadəcə “telefonu çox sevir” kimi qiymətləndirmək düzgün deyil:

“Belə halda mütəxəssis dəstəyinə ehtiyac yarana bilər. Burada məqsəd texnologiyadan qaçmaq deyil, texnologiyanın həyatımızı idarə etməsinə imkan verməməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir