İşğaldan azad olunmuş ərazilərə turist axınının artması ilə yanaşı, həmin bölgələrdə ətraf mühitin qorunması məsələsi də aktuallaşıb.
xeberde.az-a müraciət edən vətəndaş Kəlbəcər və Sərsəng su anbarı ətrafında yaranan antisanitar vəziyyətlə bağlı narahatlığını ifadə edib.
Onun sözlərinə görə, xüsusilə Sərsəng su anbarının yaxınlığında yerləşən baxış meydançası və ətraf ərazilər müxtəlif məişət tullantıları ilə çirkləndirilib.
“Mənim göndərdiyim şəkillər Sərsəng su anbarının ətrafındakı baxış meydançasında çəkilib. Həmin ərazi tamamilə zibillə doludur. Bu, hələ nisbətən aşağı hissədir. Digər ərazilərdə də eyni mənzərə ilə qarşılaşmaq mümkündür”, – deyə o bildirib.
Vətəndaş qeyd edib ki, problem təkcə baxış meydançası ilə məhdudlaşmır. Onun sözlərinə görə, Kəlbəcər istiqamətində, Tərtər çayı boyunca da oxşar vəziyyət hökm sürür.
“Kəlbəcərə gedəndə, xüsusilə “Tunel” hotelin yaxınlığında dayanıb Tərtər çayına baxanda açıq şəkildə görünür ki, plastik butulkalar və digər tullantılar su ilə axaraq aşağı istiqamətə gedir. Çayın üzərində qurulan bəndlərin torları daim zibillə dolur. Bu tullantılar əsasən yuxarı hissələrdən, Ağcakənd istiqamətindən gəlir”, – deyə o vurğulayıb.
Şikayətçinin sözlərinə görə, yolboyu hərəkət edən bəzi sürücülər və sərnişinlər də ətraf mühitin çirklənməsində ciddi rol oynayırlar.
“Maşınlardan kimin əlinə nə keçirsə – plastik butulkalar, enerji içkilərinin bankaları, çips paketləri və digər tullantılar – pəncərədən birbaşa yolun kənarına atılır. Hotellərin ətrafı, istirahət məkanları, yol kənarları siqaret kötükləri və müxtəlif zibillərlə doludur. Təəssüf ki, insanlar təbiətə qarşı çox məsuliyyətsiz davranırlar”, – deyə o bildirib.
Vətəndaş bölgədə tullantıların idarə olunması ilə bağlı da sualların yarandığını qeyd edib:
“Maraqlıdır, həmin zibilləri kim yığır? Bu tullantılar hara daşınır? Bölgədə xüsusi kommunal texnika işləyirmi? Məişət tullantılarının daşındığı poliqon varmı? Bu işlər necə təşkil olunursa-olunsun, nəticə göz önündədir. Ərazilər çox çirklidir”.
O hesab edir ki, problemin qarşısını almaq üçün maarifləndirici tədbirlərin görülməsinə ehtiyac var:
“Yollarda postlar fəaliyyət göstərir, sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır. Elə həmin məntəqələrdə insanlara xatırladıla bilər ki, yolboyu zibil atmasınlar. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yol boyunca xəbərdarlıq lövhələri yerləşdirsə, ətraf mühitin qorunması ilə bağlı maarifləndirici posterlər quraşdırsa, yaxşı olar. Heç olmasa insanlar təbiəti çirkləndirməməyə təşviq olunar”.
Şikayətçi sonda bildirib ki, bu vəziyyət davam edərsə, bölgənin ən mühüm su hövzələrindən biri olan Tərtər çayı və Sərsəng su anbarının ekoloji vəziyyəti daha da ağırlaşacaq:
“Tərtər çayı bütün bu tullantıları gətirib Sərsəng su anbarına tökür. Su anbarının axmazlarında və dərin hissələrində plastik butulkalar və digər tullantılar yığılıb qalır. Bu mənzərə həm təbiətə, həm də bölgənin turizm potensialına ciddi zərbə vurur”.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərmişik, cavablandırıldığı təqdirdə yayımlayacağıq.




