Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bir neçə gün bundan əvvəl Tiranada keçirilmiş Avropa çempionatındauğur qazanmış Azərbaycan millisinin üzvləri ilə görüşdə ədalətli mübarizə prinsiplərinin azərbaycanlı idmançılara, ümumiyyətlə, xalqımıza xas olduğunu vurğulayıb. Albaniyada keçirilən Avropa çempionatında yüksək nəticələr qazanılıb. Milli komandamız komanda hesabında Avropa çempionu olub. Avropa çempionu olması güləş tariximizdə yeni hadisədir.
Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, Azərbaycan güləşçiləri bir daha bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır.
Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Gələcək yarışlarda da Azərbaycan mütləq birinci sıralarda olacaq.
Azərbaycan vətəndaşları həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi kimi, hansı sahədə olursa olsun, qələbədən daha vacib ləyaqətdir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Hətta rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər.
Dövlət başçısının qeyd etdiyi kimi, idmançılarımız gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.
Natiq Rzayev,
Yunan-roma güləşi idman növü üzrə əməkdar məşqçi




