Azərbaycan-Ukrayna əlaqələrinin humanitar sahə üzərindən başlayaraq inkişaf etdirilməsi olduqca məntiqli yanaşmanın və praqmatik, real siyasətin əsasını təşkil edir. Azərbaycan ölkə olaraq humanitar yardım məsələsinə hər zaman olduqca həssas yanaşıb. Humanitar yardım xətti ümumilikdə Azərbaycanı beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir. Müharibədən zərər çəkmiş əhaliyə göstərilən dəstək Ukrayna cəmiyyətində ölkəmizə qarşı müsbət ictimai rəy formalaşdırır. Bu isə gələcək siyasi və iqtisadi əməkdaşlıq üçün mühüm sosial baza yaradır.
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də keçirilən mətbuat konfransında deyib: Mən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bizim tərəfdaşlığımız bu çox sərt qış şəraitində də davam etmişdir. Eyni zamanda, əlbəttə ki, biz hava hücumundan müdafiə tədbirlərini görmüşük. Lakin buna baxmayaraq, enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz Azərbaycandan 11 yardım paketini almışıq. Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk. Biz bu haqda xeyli söhbət etdik. Biz, həmçinin, cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq.
Bu gün Azərbaycan bərpa və quruculuq işlərini öz gücü ilə həyata keçirərək unikal təcrübə formalaşdırır. Gələcəkdə Ukraynanın bərpası təbii ki, qaçılmazdır və bu istiqamətdə Azərbaycan öz təcrübəsini bölüşə bilər.
Humanitar sahə Azərbaycan-Ukrayna münasibətlərində xüsusi əhəmiyyət daşıyır və bu əlaqələrin “yumşaq güc” komponentini təşkil edir. Ukraynada yaşayan azərbaycanlı diasporu, eləcə də Azərbaycandakı ukraynalı icması xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafında mühüm rol oynayır. Keçmişdə olduğu kimi bu gün də tələbə mübadiləsi və ali təhsil sahəsində əməkdaşlıq davam edir. Bir çox azərbaycanlı tələbə Ukrayna universitetlərində təhsil alır və bu, elmi əlaqələrin möhkəmlənməsinə səbəb olur. Mədəni tədbirlər, sərgilər və ədəbi gecələr iki xalq arasında mənəvi bağları gücləndirir. Taras Şevçenko və Nizami Gəncəvi kimi görkəmli şəxsiyyətlərin irsinə həsr olunmuş tədbirlər bu sahədə xüsusi yer tutur.
Cahangir Muradov,
YAP veteranı, Cəlilabad Rayon Ağsaqqallar Şurasının
sədrinin müavini, əməkdar mədəniyyət işçisi



