Rəsmi Tehran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razı olmayacaq və əksinə, ABŞ-ın iddialarına baxmayaraq, bu məsələ ilə bağlı heç bir öhdəlik götürülmədiyini bəyan edib.
xeberde.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ebrahim Rezai “Əl-Cəzirə”yə müsahibəsində bildirib.
Rezai qeyd edib ki, Tehran uranın zənginləşdirilməsinin dayandırılması və ya dinc nüvə proqramından imtina ilə bağlı hər hansı tələbi “qəti şəkildə rədd edir”, çünki bunu strateji “qırmızı xətt” hesab edir.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Baqai də Donald Trampın bəyanatlarını rədd edib.
“Zənginləşdirilmiş uran bizim üçün İran torpağı qədər müqəddəsdir və heç bir şəraitdə heç yerə verilməyəcək,” – deyə Baqai bildirib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl dəfələrlə İranın zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verəcəyini bəyan etmişdi.




