Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən birinə çevrilib. Xüsusilə Rusiyadan qaz asılılığını azaltmağa çalışan Avropa ölkələri üçün Azərbaycan etibarlı enerji tərəfdaşı kimi ön plana çıxır. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır. Azərbaycan qazının Avropaya nəqli əsasən Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilir. Bu nəhəng enerji layihəsi Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından hasil olunan qazın Türkiyə və Avropa ölkələrinə çatdırılmasını təmin edir. Cənub Qaz Dəhlizi bir neçə əsas boru kəmərindən – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrindən ibarətdir. Bu kəmərlər vasitəsilə Azərbaycan qazı əvvəlcə Türkiyəyə, daha sonra isə Avropaya ötürülür. Hazırda Avropa İttifaqı daxilində Azərbaycan qazını idxal edən ölkələrə İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Sloveniya, Slovakiya, Almaniya və Avstriya daxildir. Bu ölkələr enerji təhlükəsizliyini gücləndirmək və qaz mənbələrini şaxələndirmək məqsədilə Azərbaycanla əməkdaşlığı genişləndirirlər. Azərbaycan isə öz növbəsində Avropa ilə enerji tərəfdaşlığını daha da inkişaf etdirməyə çalışır. Son illərdə qaz ixracının həcmi artıb və yeni müqavilələr bağlanır. Planlara görə, yaxın illərdə Avropa bazarına nəql olunan Azərbaycan qazının həcminin daha da artırılması nəzərdə tutulur. Beləliklə, Azərbaycan təkcə regionda deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji tərəfdaşlardan biri kimi mövqeyini möhkəmləndirir.
Samir Talıbov
Saatlı Tarix-Diyarşünasliq Muzeyinin əməkdaşı




