Cəmiyyət

Bizim gələcək üçün də açıq-aydın planlarımız var.

Cənab Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanat Azərbaycan–Serbiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında vurğulanan məqamlar iki ölkə arasında formalaşmış etibarlı siyasi dialoqun, qarşılıqlı dəstəyə əsaslanan prinsipial mövqeyin və uzunmüddətli strateji planların konturlarını aydın şəkildə ortaya qoyur. Prezident cənab İlham Əliyevin “bizim təmaslarımız uzun illərdir ki, davam edir”, – fikri Azərbaycan–Serbiya münasibətlərinin təsadüfi deyil, sistemli və ardıcıl xarakter daşıdığını göstərir. Bakı ilə Belqrad arasında əlaqələr qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipləri üzərində qurulub. Serbiya xalqının dövlət suverenliyinin qorunması istiqamətində göstərdiyi səylərə verilən yüksək qiymət və Prezident Aleksandr Vuçiçin liderlik keyfiyyətlərinin xüsusi vurğulanması, əslində, iki ölkənin oxşar dövlətçilik fəlsəfəsini bölüşdüyünü göstərir. Həm Azərbaycan, həm də Serbiya mürəkkəb geosiyasi mühitdə milli maraqları prioritet tutaraq, müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdürlər. Beynəlxalq platformalarda qarşılıqlı dəstək – xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində ortaq mövqe – bu tərəfdaşlığın əsas sütunlarından biridir. Bu amil iki ölkənin strateji etimad mühitini daha da möhkəmləndirir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, gələcək üçün “açıq-aydın planlar” mövcuddur. Bu planlar üç əsas istiqaməti əhatə edir: siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika və nəqliyyat sahəsində sinerjinin gücləndirilməsi. Xüsusilə nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Orta Dəhliz kontekstində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqazda tranzit və enerji qovşağı kimi mövqeyini möhkəmləndirdiyi bir vaxtda, Serbiya da Balkan regionunda strateji logistika mərkəzi rolunu gücləndirməyə çalışır. Bu baxımdan tərəflər arasında yaranan sinerji Avrasiya məkanında yeni əməkdaşlıq konfiqurasiyalarına yol aça bilər. Səfərin ən mühüm istiqamətlərindən biri energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi oldu. Prezident cənab İlham Əliyevin “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” bəyanatı iki ölkə arasında iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Bu layihə Serbiyanın daxili enerji istehsal gücünü artıracaq, enerji təhlükəsizliyini möhkəmləndirəcək, regional enerji bazarında rəqabət qabiliyyətini yüksəldəcək. Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq, islahatlar nəticəsində əlverişli investisiya mühitinin formalaşdırılması xarici investorlar üçün cəlbedici şərait yaradıb. Azərbaycanın bu prosesdə fəal iştirak etməsi iki ölkə arasında iqtisadi etimadın yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə qərar enerji əməkdaşlığının real nəticələrini ortaya qoyur. Azərbaycan qazının Serbiyada elektrik enerjisinə çevrilməsi həm daxili tələbatın ödənilməsi, həm də gələcək ixrac imkanları baxımından əhəmiyyətlidir.
Əliyeva Afət
Saatlı Dövlət Rəsm Qalereyasının baş fond mühafizi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir