Elxan Cəfərov: “Söyüş olan serialların hamısının səviyyəsi aşağıdır demək olmaz…”
Deputat Tənzilə Rüstəmxanlı hafta.az-a müsahibəsində deyib ki, televiziyalarda gedən seriallar başdan-ayağa rəzalətdir və ürək bulandırır:
“Mən ad çəkmək istəmirəm, əksəriyyət o vəziyyətdədir. Heç bir mənası yoxdur, söyüşdən başqa heç nə göstərmir, tərbiyəvi əhəmiyyət daşımır. Azərbaycan mədəniyyətini, adətlərini, mənəvi dəyərlərini əks etdirən heç bir şey yoxdur o seriallarda. Sadəcə, reytinqə işləyirlər. Gəlin baxaq görək, hansı bir veriliş bu millətin tarixini öyrədir? Ola bilsin, belə verilişlər televiziyalara reytinq, pul gətirmir. Düşünürəm, gətirməsə belə, dövlət bu məsələyə ciddi nəzarət edib, buna vəsait ayırmalıdır. Elə mövzular var, bəlkə də onlar televiziyada reytinq qazanmayacaq, amma bu millətin tarixi, ədəbiyyatı, mənəviyyatı ilə bağlı olacaq. Bunu televiziyalarda tətbiq etmək və öyrətmək lazımdır. Yoxsa, iki-üç arvadı çıxarıb orada savaşdırırlar, ailə problemlərini gündəmə çıxarırlar. Guya camaata kiminsə evində baş verən o problemlər lazımdır?. Mənəviyyatımızı bunlar korlayır. Məhz belə verilişlər də televiziyaya ciddi pullar gətirir. Həmin vəsaitlər hesabına hazırda bəzi televiziyalar Azərbaycanda heç bir dəyəri qorumur. Budur vəziyyət”.

Xatırladaq ki, bir müddət əvvəl “Səkkiz” serialında qeyri-etik, cəmiyyətin əxlaq normalarına zidd ifadələrin səsləndirilməsi səbəbindən serial “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayişdən çıxarılmış, ARB televiziya kanalına rəsmi qaydada cərimə tətbiq olunmuşdu. Bununla yanaşı, serialın ilk bölümü “YouTube” platformasında “3İCinema” kanalı üzərindən yayımlandığı üçün həmin platformada da məzmunla bağlı məhdudiyyət qoyulmuşdu.
Lakin müəyyən müddətdən sonra serial yenidən həm televiziya, həm də onlayn platformalarda tamaşaçılara təqdim olundu. Təbii ki, bu dəfə serialın əvvəlki versiyasından fərqli olaraq, ictimai narazılığa səbəb olan söyüşlü və qeyri-etik ifadələr tamamilə çıxarıldıqdan sonra. Bununla belə, sözügedən hadisə ölkəmizdə yayımlanan serialların ümumi keyfiyyəti, məzmun səviyyəsi və bədii-estetik dəyəri ilə bağlı müzakirələri yenidən gündəmə gətirmiş oldu.
Məlumdur ki, serial istehsalı Azərbaycanda artıq uzun illərdir mövcuddur və müxtəlif janrlarda onlarla layihə tamaşaçıya təqdim olunub. Buna baxmayaraq, cəmiyyətin böyük bir hissəsi hələ də serialların süjet xətti, obrazların primitivliyi, dialoqların səviyyəsizliyi, süni dramatizm və qeyri-real hadisə axını ilə bağlı ciddi narazılıqlarını ifadə edir. Sosial şəbəkələrdə, mediada və ictimai müzakirələrdə tez-tez eyni sual səslənir: niyə illər keçsə də, Azərbaycan serialları keyfiyyət baxımından inkişaf etmir?
Mütəxəssislərin fikrincə, problemin əsas səbəblərindən biri peşəkar ssenari məktəbinin formalaşmaması, mövcud ssenarilərin isə tez-tez tələsik və bazar prinsipləri əsasında hazırlanmasıdır. Reytinq naminə ucuz emosiyalar, süni qalmaqallar və qeyri-etik ifadələrdən istifadə edilməsi isə bədii dəyəri arxa plana keçirir. Digər tərəfdən, nəzarət mexanizmlərinin bəzən yalnız cəza mərhələsində işə düşməsi, yəni problem baş verdikdən sonra müdaxilə edilməsi də vəziyyəti köklü şəkildə dəyişmir.

Mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, kino aktyoru və rejissoru Elxan Cəfərov Musavat.com-a danışıb. O deyib ki, indiki halda serial çəkilişləri müəyyən inkişaf mərhələsindədir: “Mən deyə bilmərəm ki, onlar tam yararsız vəziyyətdədir, lakin artıq tam peşəkar səviyyəyə çatıb demək də düzgün olmaz. Fikrimcə, hazırda seriallar məhz öz inkişaf mərhələsini yaşayır və bu mərhələni dayandırmaq olmaz. Əksinə, bu mərhələyə dəstək göstərilməlidir ki, növbəti mərhələyə daha rahat və sağlam keçid mümkün olsun. Təbii ki, burada bir sıra problemlər mövcuddur. Biz seriallar haqqında danışarkən, ümumilikdə kino və sənət mövzusuna yanaşarkən, dünya təcrübəsini, beynəlxalq dəyərləri və nümunələri nəzərə alaraq fikir bildiririk. Lakin həm maliyyə, həm də təşkilatçılıq baxımından ölkəmizdə istehsalat prosesində kifayət qədər ciddi problemlər mövcuddur”.
Müsahibimizin sözlərinə görə, serialların səviyyə problemləri bu proses davam etdikcə mərhələli şəkildə həllini tapacaq: “Doğrudur, bizim yolumuz bir qədər uzundur, çünki sanki başımızı divara dəyə-dəyə öyrənirik. Amma bu, bizim yolumuzdur və heç bir ölkədə seriallar birdən-birə yüksək səviyyəyə gəlib çıxmayıb”.
Elxan Cəfərov film və seriallarda söyüş ifadələrin işlədilməsinə bu cür mövqe bildirib: “Mən söyüşün deyil, daha çox bədii, estetik danışıq dilinin tərəfdarıyam. Çünki düşünürəm ki, seriallar geniş tamaşaçı kütləsinə xitab etdiyinə görə cəmiyyətdə davranış və mədəni danışıq dilinin formalaşması baxımından müəyyən məsuliyyət daşıyır. Amma məsələn, gənclər tərəfindən çəkilən bəzi işlərdə söyüşlər daha çox inandırıcılıq yaratmaq məqsədilə istifadə olunur. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm ki, mən sırf söyüşlərin əleyhinəyəm. Lakin bu da o demək deyil ki, söyüş olan serialların keyfiyyəti avtomatik olaraq aşağı səviyyədədir. Bir daha vurğulayıram ki, bu, bir prosesdir, bir yoldur. Yəni bəzən səhv addım atılır, sonra həmin səhv düzəldilir və yenidən irəli getmək üçün təcrübə qazanılır. Hazırda serial sektorunda çalışan insanlara — rejissorlara, ümumilikdə istehsalat qruplarına imkan daxilində dəstək olmağa çalışıram. Fikir, məsləhət və ya istiqamətləndirmə üçün müraciət etdikdə, bacardığım qədər kömək etməyə çalışıram”.
Elxan Cəfərovun fikrincə, ölkədə istehsal olunan seriallar ümumilikdə çox aşağı səviyyədə deyil: “Əlbəttə, zəif nümunələr var. Lakin hər sahədə olduğu kimi, burada da həm yaxşılar, həm pislər, həm də orta səviyyədə olan işlər mövcuddur. O ki qaldı bəzi serialların cəmiyyətin mənəvi dəyərlərinə zərbə vurması məsələsinə, mümkündür ki, belə nümunələr də olsun. Amma bu məsuliyyət daha çox həmin layihələri istehsalata buraxan şirkətlərin və ya televiziya kanallarının üzərində olmalıdır. İstehsalçı və yaradıcı insanların düşüncələri fərqli ola bilər. Lakin mənəvi dəyərlərin qorunması məsələsi daha ciddi nəzarət tələb edir və bu nəzarəti həyata keçirmək məhz istehsalata buraxan şirkətlərin və televiziya kanallarının birbaşa vəzifəsidir”.




