Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur. Belə bir təşəbbüslə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli yanvarın 22-də keçirilən iclasda çıxış edib. Deputat bildirib ki, son illər gənclər və yeniyetmələr arasında baş verən bıçaqlanma hadisələrinin əksəriyyəti məhz cibdə daşınan, qatlanan bıçaqlarla törədilir və bu fakt narahatlıq doğurur.
Təklif ilk baxışdan məntiqli səslənir. Amma sual açıq qalır: bıçağın satışı qadağan olunsa, yeniyetmələrin cinayətə meyli azalacaqmı? Yoxsa problem alətdə deyil, onu istifadə edən mühitdədir?
Keçmiş polis rəisi Mahmud Hacıyevin bu mövzuya yanaşması sərt və birmənalıdır. O, Musavat.com-a deyib ki, sovet vaxtı cinayət az idi, çünki yeniyetmələrə nəzarət çox idi: “Uşaq bilirdi ki, səhv etsə, məsələ təkcə onunla bitməyəcək. Məktəbə, valideynə, bütün kollektivə təsir edəcək”.
Mahmud Hacıyevin sözlərinə görə, o dövrdə yeniyetmə faktiki olaraq nəzarətsiz qalmırdı: “Məktəb təkcə təhsil yox, tərbiyə ocağı idi. Sahə müvəkkili məhəllədəki uşaqları adbaad tanıyırdı. Valideyn məsuliyyəti isə formal yox, real idi.
Bu gün yeniyetmələr daha azaddır, amma bu azadlıq çox vaxt nəzarətsizlik həddindədir. Sosial şəbəkələrdə zorakılıq qəhrəmanlıq kimi təqdim olunur, aqressiya “özünütəsdiq” vasitəsinə çevrilir. Məktəblərdə psixoloji nəzarət formal xarakter daşıyır, valideynlərin bir qismi isə prosesi tamamilə nəzarətdən buraxıb. Belə bir mühitdə cib bıçağı sadəcə kəsici alət deyil, güc və üstünlük simvoludur. Yeniyetmə özünü qorumaq, qarşısındakını qorxutmaq üçün bu alətə əl atır”.
Mahmud Hacıyev “Qadağa çıxış yoludurmu” sualına belə cavab verib: “Cib bıçaqlarının satışının qadağan edilməsi qısa müddətdə statistik azalmalara səbəb ola bilər. Amma bu, problemin köklü həlli deyil.
Qadağa qara bazarın yaranmasına, alternativ təhlükəli alətlərin yayılmasına, zorakılığın başqa formalara keçməsinə yol aça bilər. Sosial problemi inzibati qadağalarla həll etmək mümkün deyil.
Əsl problem ailə nəzarətinin zəifləməsində, məktəbin tərbiyəvi rolunun formal xarakter almasına, yeniyetmələrin psixoloji vəziyyətinə biganəlikdədir”.
Mahmud Hacıyev deyib ki, cib bıçaqlarının satışı qadağan edilə bilər. Amma bu addım paralel olaraq məktəblərdə real psixoloji iş, valideyn məsuliyyətinin sərtləşdirilməsi, küçə və məhəllə nəzarətinin bərpası ilə müşayiət olunmazsa, nəticə verməyəcək. Çünki problem bıçaqda deyil.
Problem yeniyetməni tək buraxan cəmiyyətdədir”




