Gündəm Siyasət

Bakı-Vaşinqton münasibətlərini POZMAQ CƏHDİ – Konqresmen belə FAŞ oldu

Xəbər verdiyimiz kimi, amerikalı konqresmen, anti-Azərbaycan mövqeyi ilə seçilən Frenk Pallone X sosial şəbəkəsində Azərbaycanın dörd erməni məhkumu Ermənistana təhvil verməsinə qərəzli münasibət bildirib.

Pallone Azərbaycana qarşı dövləti cinayətləri məhkəmə vasitəsilə sübut edilən məhkumların “əsirlikdə saxlanıldığını”, onların vətənə qayıtmasından guya məmnunluğunu ifadə edib. O, guya hələ də “əsirlikdə saxlanılan” şəxslərin olduğunu deyib, Dövlət Departamentini onların azad edilməsi üçün səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Pallone ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvüdür və Demokratlar Partiyasını təmsil edir. O, uzun illərdir Nyu-Cersi ştatından konqresmen kimi fəaliyyət göstərir.

Bəllidir ki, Pallone ABŞ Konqresində ermənipərəst mövqeyi ilə tanınır. O, Ermənistan və erməni lobbisi ilə sıx əlaqələri olan siyasətçilərdən biridir, mütəmadi olaraq Qarabağ mövzusunda anti-Azərbaycan bəyanatlarla çıxış edir və ABŞ hökumətini bu istiqamətdə daha sərt addımlar atmağa çağırır.
Konqresmen uzun illərdir Armenian National Committee of America (ANCA) və digər erməni lobbisi strukturları ilə koordinasiyalı fəaliyyət göstərir. Məhz bu dairələrin dəstəyi ilə Pallone Azərbaycana qarşı sanksiya çağırışları, hərbi yardımın məhdudlaşdırılması və insan haqları adı altında siyasi təzyiq mexanizmlərinin işə salınmasını təşviq edib.

Picture background

Aydın görünür ki, Frank Pallonenin “erməni məhbusların azad edilməsi” ilə bağlı son açıqlaması humanitar çağırışdan daha çox siyasi və geosiyasi hədəflər daşıyır. Pallone Dövlət Departamentini “daha fəal işləməyə” səsləməklə Azərbaycanla münasibətdə insan haqları mövzusunu yenidən gündəmə gətirməyə cəhd edib. Bu da Bakı üzərində diplomatik təzyiq mexanizmlərini gücləndirmək kimi qiymətləndirilir. Lakin bu cəhdlər səmərəsizdir. Elə diplomatlar səviyyəsində danışıqlar bunu təsdiqləyir.

Belə ki, 19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

Azərbaycan XİN rəhbəri ABŞ dövlət katibi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb. Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a deyib ki, Pallone çoxdan anti-Azərbaycan fiqurdur. Hüquq müdafiəçisi qeyd edib ki, onun çağırışları heç zaman nəticə verməyib və ermənipərəst Baydenin prezidentliyi dövründə belə hədəfinə çata bilməyib: “O ki qala Tramp administrasiyası dövründə əlaqələrə zərər vura bilsin. Sadəcə, Frank Pallone muzdlu konqresmendir. Ona pul və sifariş ver, sənə qulluq etsin. Yəni erməni lobbisinin əlində bir nökərdir və illərdir ki, ondan istifadə edirlər. Amma bu pullar hər dəfə batır, çünki Pallonenin çağırışları eşidilmir. Ona görə eşidilmir ki, yalan danışır, faktları təhrif edir və qərəzlidir. Tramp hakimiyyəti isə Azərbaycan-Ermənistan normallaşma prosesini izləyir, məlumatlıdır və 4 məhbusun təhvil verilməsinin səbəbi də aydındır. Bu addım dayanıqlı sülhə xidmət edir, heç də onları bağışlamaq niyyəti olmayıb. Sadəcə, sülh prosesini möhkəmləndirmək məqsədi daşıyır. Bu da sülh istəyən hamını qane etməlidir. Pallone isə onların “əsir” olduqlarını əsaslandırmalıydı. Fakt budur ki, həmin şəxslər törətdiyi cinayətlərə görə mühakimə olunublar. Hazırda həbsdə olan keçmiş xunta rejiminin liderləri isə daha ağır cinayətlərdə ittiham olunurlar. Onlar ərazilərimizdə terrorçuluqla məşğul olublar”.

Picture background

Ç. Qənizadə hesab edir ki, Bakı-Vaşinqton əlaqələrinə zərbə vurmaq mümkün deyil, Bayramovla Rubio arasında danışıqlar da münasibətlərin inkişafda olduğunu göstərir: “Pallone kimi konqresmenlərin isə fəaliyyəti araşdırılmalıdır. Necə ki həyat yoldaşı erməni olan keçmiş konqresmen Menendez də erməniləri möhkəm müdafiə edirdi, sonra korrupsiya əməlləri üzə çıxdı, həbs olundu. Əminəm ki, Pallonenin fəaliyyəti araşdırılmağa başlansa, onun rüşvət aldığı məlum olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir