Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. 20 oktyabr da Zəngilanın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bu məqamda gəlin rayonun tarixinə qısaca nəzər salaq. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar; 20 oktyabr 2020-ci il – Zəngilan rayonu işğaldan azad edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Zəngilanın qaytarılması tarixi hadisədir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilanın sürətlə bərpa olunması və inkişaf etdirilməsi üçün geniş miqyaslı işlər həyata keçirilir. Zəngilan, Azərbaycanın inkişaf strategiyasında mühüm yer tutaraq, həm kənd təsərrüfatı, həm də turizm potensialını üzə çıxaracaq. həyata keçirilən bu layihələr bölgənin sosial-iqtisadi canlanmasına təkan verərək. Firuz Mehdiyev,Ocaqlı kənd 1 nömrəli tam orta məktəbində müəllim, Vətən müharibəsi qazisi



