Siyasət

Qlobal liderlik və dayanıqlı inkişaf

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı yalnız Azərbaycan-Ermənistan münaqişəsinin yekununa dair bəyanat deyildi. Bu çıxış eyni zamanda Azərbaycanın qlobal miqyasda yeni rolunu təqdim edən strateji vizion idi. İlham Əliyev Azərbaycanın sülh qələbəsindən dərhal sonra beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, humanitar yardımlar və dayanıqlı inkişaf istiqamətlərində əldə etdiyi nailiyyətləri təqdim etdi.
Əvvəlcə Prezident azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesinə toxundu. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndi yerlə-yeksan etmiş, 65 məscidi dağıtmışdı. Azərbaycan isə “Böyük Qayıdış” proqramı çərçivəsində bu torpaqları dirçəldir. Artıq 50 mindən çox insan öz yurduna qayıdıb, yaşayır və çalışır. İlham Əliyev bunu qələbənin sülhə və quruculuğa çevrilməsinin nümunəsi kimi təqdim etdi.Lakin çıxışda postmünaqişə dövrünün ağır mirası – mina problemi də xüsusi vurğulandı. 2020-ci ildən bu günə qədər 400-dən çox azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və ya yaralanıb. Bu, yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi humanitar məsələdir. İlham Əliyev beynəlxalq ictimaiyyəti bu məsələdə həmrəylik göstərməyə çağırdı.Qlobal məsələlərə gəldikdə, Prezident Azərbaycanın COP29-a ev sahibliyini xüsusi qürurla təqdim etdi. COP29-da qəbul edilən Bakı Maliyyə Hədəfi dünya iqlim maliyyələşdirməsində tarixi mərhələ oldu. Bu hədəf inkişaf etmiş ölkələrin illik iqlim maliyyəsini 100 milyard dollardan 300 milyard dollara qədər artırmağı nəzərdə tutur. Bu fakt Azərbaycanın qlobal iqlim proseslərində liderlik rolunu təsdiqlədi.
Enerji təhlükəsizliyi çıxışın mühüm hissələrindən biri idi. İlham Əliyev bildirdi ki, dünya yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz. Azərbaycan isə həm etibarlı neft-qaz tərəfdaşı, həm də bərpaolunan enerji sahəsində öncül ölkədir. 2030-cu ilə qədər Azərbaycanın enerji istehsalının 40 faizi alternativ mənbələr hesabına təmin ediləcək.
Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və bu göstərici ilə dünyada birinci yeri tutur. Bundan əlavə, Prezident ilk dəfə beynəlxalq kürsüdə Azərbaycan-Suriya enerji əməkdaşlığını elan etdi. Bu əməkdaşlıq Suriyanın müharibədən sonrakı bərpasına ciddi töhfə verir və Azərbaycanın humanitar liderliyini göstərir.İlham Əliyev, həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətini vurğuladı. Azərbaycan tranzit qovşağına çevrilmişdir. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq hava limanları və rəqəmsal infrastruktur layihələri ölkəmizin qlobal logistika sistemində mühüm yerini təsdiqləyir. “Rəqəmsal İpək Yolu” layihəsi isə Azərbaycanın yeni dövrdə rəqəmsal mərkəzə çevriləcəyini göstərir.Çıxışda sosial-iqtisadi nailiyyətlər də diqqətə çatdırıldı. Yoxsulluq və işsizlik tarixi minimum – 5 faiz səviyyəsinə endirildi. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6,5 faizdir və bu göstərici ilə Azərbaycan dünyada ən aşağı borclu ölkələrdən biridir. Valyuta ehtiyatları borcdan 16 dəfə artıqdır. Bu, Azərbaycanın iqtisadi dayanıqlığının və güclü fiskal siyasətinin nəticəsidir. Xəzər dənizinin su ehtiyatlarının azalması problemi də İlham Əliyevin çıxışında qlobal ekoloji çağırış kimi təqdim olundu. Prezident bu faciənin iqlim dəyişikliyi ilə deyil, digər səbəblərlə bağlı olduğunu vurğuladı və Xəzəryanı ölkələri birgə tədbirlər görməyə çağırdı. Azərbaycanın beynəlxalq humanitar missiyaları da çıxışın əsas mövzularından biri idi. Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə yardım göstərdi, tibbi avadanlıq və vaksin ianə etdi. İlham Əliyev vurğuladı ki, Azərbaycan təkcə öz maraqlarını deyil, ümumbəşəri dəyərləri müdafiə edir. Çıxışın yekunu isə həm milli, həm də beynəlxalq mesaj daşıyırdı: Azərbaycan müharibəni qazandı, sülhü təmin etdi, ədaləti bərpa etdi və indi dünyaya yeni inkişaf modeli təqdim edir. İlham Əliyevin BMT kürsüsündən dediyi sözlər sadəcə bir dövlətin qələbəsinin deyil, həm də beynəlxalq hüququn üstünlüyünün təsdiqidir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir