Azərbaycan ilə Gürcüstan arasında tarixi köklərə və qarşılıqlı etimada əsaslanan münasibətlər bu gün strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlər regional və beynəlxalq səviyyədə mühüm təsirə malikdir, Cənubi Qafqazın sabitliyi və inkişafında mühüm rol oynayır. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyevin cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bu cəhət xüsusilə qeyd edilmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır.
Azərbaycan ilə Gürcüstan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Parlamentlərarası əlaqələr getdikcə möhkəmlənir. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu mövcuddur. Bu səfərlər zamanı müqavilə-hüquq bazası xeyli möhkəmlənmiş, iki ölkə arasında 190 sənəd imzalanmışdır.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Dediklərimiz sübut edir ki, mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib.Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq platformaları vacib rol oynayır.
Bir sözlə, Azərbaycan və Gürcüstan bu gün Cənubi Qafqazın iki suveren, müstəqil siyasət yürüdən ölkəsi olaraq həm də dərin əlaqələrə, köklərə, qardaşlıq bağlarına malikdirlər. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan dostluğunun təməlində xalqların əsrlər boyu formalaşmış dostluq və qardaşlıq əlaqələri dayanır. Bu gün isə həmin əlaqələrə söykənən iki dövlətin əməkdaşlığı yeni mərhələyə qədəm qoyub.
Əmrah Quliyev,
Cəlilabad Bələdiyyələrinin Əlaqələndirmə
Şurasının Sədri