Cəmiyyət

Azərbaycan-Gürcüstan münasibətləri sürətlə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın dövlət başçısı Mixail Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda vurğulandığı kimi, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.   

İki ölkə arasında əlaqələr çox möhkəm və sarsılmaz dostluğa əsaslanır, əməkdaşlığın müxtəlif sahələrdə daim genişlənir və dərinləşir, bu həm simvolik, həm də praktiki əhəmiyyət daşıyır. Yeni yaradılmış Gürcüstan hökumətinin ilk xarici səfərinin Azərbaycana olması bu dostluğun və tərəfdaşlığın möhkəmliyini bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze parlament seçkilərindən və yeni hökumətin təsdiqindən sonra ilk xarici səfərini Bakıya etdi. Bundan əvvəl Gürcüstanın xarici işlər naziri Azərbaycanın paytaxtına səfər edib. Bu ardıcıl səfərlər göstərir ki, Azərbaycan və Gürcüstan həm Cənubi Qafqazda, həm də daha geniş regionda sülhün və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu gün Bakıda və Tbilisidə çox yeni fəaliyyətlər var. Əsas odur ki, regionumuzda sülh və sabitlik daim qorunur.

Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.  

 Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir.

Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır. Bir Azərbaycan vətəndaşı kimi, firavan gələcəyimizin təminatçısı olan bu inkişafdan və tərəqqidən  qürur duyuruq.

Ramil Bağırov,

Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir