Cəmiyyət

“Bakıkart” terminalları metrolardan yığışdırılır? – RƏSMİ AÇIQLAMA

Son dövrlər Bakı metropolitenində bank kartları və QR kodla ödənişin mümkün olmasından sonra “Bakıkart” aparatlarından istifadəyə ehtiyac qalmadığı bildirilir. 

xeberde.az xəbər verir ki, bu da “Bakıkart” terminallarının metropolitenin stansiyalarından yığışdırılıb-yığışdırılmayacağı ilə bağlı sual doğurub.

Mövzu ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Ölkə.Az-ın sorğusuna cavab olaraq “Bakıkart” terminalları ilə bağlı məsələyə aydınlıq gətirib:

“Son dövrlərdə “Bakı Metropoliteni”ndə bank kartları və QR kodla ödəniş imkanlarının genişləndirilməsi sərnişinlər üçün əlavə rahatlıq yaradıb. Yeni ödəniş üsulları sürətlə inkişaf edərək, hazırda metroda keçidlərinin təxminən 50%-ni təşkil edir. Bu göstərici “Bakıkart” terminallarına olan tələbatın azaldığını göstərir.

Lakin “BakıKart” sisteminin plastik kartları inteqrasiya olunmuş nəqliyyat şəbəkəsinin vacib hissəsi kimi yalnız metroda deyil, həm də avtobuslarda vahid ödəniş vasitəsi kimi istifadə olunur və sərnişinlərin bir nəqliyyat növündən digərinə problemsiz keçidinə imkan verir.

Hərəkətin mobilliyini və müxtəlif nəqliyyat növləri arasında sərnişin axınının fasiləsiz davam etməsini təmin etmək baxımından, eləcə də bəzi stansiyalarda alternativ ödəniş üsullarının tam tətbiqi üçün yeni texniki infrastrukturun tam formalaşmadığını nəzərə alaraq, hazırda “BakıKart” terminallarından istifadəni tamamilə istisna etmək sərnişinlərə əlçatanlıq baxımından ciddi çətinliklər yarada bilər. Qeyd edilən amilləri nəzərə alaraq, hazırkı mərhələdə “Bakıkart” terminallarının metrodan yığışdırılması və ya sayının azaldılması məqsədəuyğun hesab edilmir”, – deyə cavabda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir