Siyasət

Azərbaycan və Slovakiya arasında etibarlı tərəfdaşlıq modeli formalaşır

Azərbaycanın Avropa dövlətləri ilə qarşılıqlı hörmətə və etibarlı tərəfdaşlığa əsaslanan münasibətləri son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu siyasətin uğurlu nəticələrindən biri də Slovakiya ilə əlaqələrin dinamik şəkildə genişlənməsidir. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə Şuşada keçirdiyi görüş iki ölkə arasında formalaşmış strateji əməkdaşlığın növbəti mühüm mərhələsi kimi qiymətləndirilir. İyulun 14-də Şuşada mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Slovakiya arasında siyasi təmaslar artıq müntəzəm xarakter alıb. Dövlət başçısı qeyd etdi ki, ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfər münasibətlərin inkişafına yeni dinamika qazandırıb. Bu gün isə qarşılıqlı səfərlər və intensiv dialoq iki ölkənin əməkdaşlığa verdiyi önəmin real ifadəsinə çevrilib.
Şuşada keçirilən görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan və Slovakiya münasibətləri yalnız diplomatik təmaslarla məhdudlaşmır. Prezident İlham Əliyevin vurğuladığı kimi, nümayəndə heyətlərinin tərkibi və aparılan müzakirələrin əhatə dairəsi əməkdaşlığın konkret nəticələrə hesablandığını göstərir. Energetika, iqtisadiyyat, ticarət, hərbi-texniki sahə və digər istiqamətlər üzrə həyata keçirilən dialoq artıq praktik layihələrlə müşayiət olunur. Azərbaycan ilə Slovakiya arasında münasibətlərin möhkəmlənməsində 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə xüsusi rol oynayır. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, bu sənədin icrası artıq real nəticələr verir. Güclü siyasi iradəyə söykənən əməkdaşlıq hər iki ölkənin qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Görüş zamanı diqqət çəkən mühüm məqamlardan biri Slovakiyanın Qarabağın bərpasında iştirakının yüksək qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsini bunun uğurlu nümunəsi kimi göstərərək bu dəstəyə görə Slovakiya tərəfinə təşəkkürünü bildirdi. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına beynəlxalq şirkətlərin cəlb olunması Azərbaycanın həyata keçirdiyi bərpa proqramına olan etimadın göstəricisidir.
Bu gün Qarabağ təkcə genişmiqyaslı tikinti və quruculuq meydanı deyil, həm də beynəlxalq əməkdaşlığın yeni ünvanına çevrilib. Xarici dövlət başçılarının və nümayəndə heyətlərinin işğaldan azad edilmiş ərazilərə səfərləri burada yaradılan yeni reallıqlarla yaxından tanış olmalarına imkan yaradır. Şuşada aparılan yüksək səviyyəli görüşlər isə Azərbaycanın bölgədə formalaşdırdığı yeni inkişaf modelinə beynəlxalq marağın artdığını təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında Prezident Peter Pelleqrinin Azərbaycanı yaxşı tanıyan siyasətçi olduğunu da vurğuladı. Onun parlament sədri, Baş nazir və Prezident kimi müxtəlif dövrlərdə ölkəmizə səfər etməsi münasibətlərin davamlı xarakter daşıdığını göstərən mühüm amildir. Bu ardıcıl təmaslar dövlətlər arasında qarşılıqlı etimadın və siyasi dialoqun möhkəm əsaslar üzərində qurulduğunu bir daha təsdiqləyir. Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və etibarlı tərəfdaşlıq münasibətlərinin inkişafıdır. Slovakiya ilə əlaqələrin bugünkü səviyyəsi də məhz bu siyasətin uğurlu nəticəsidir. İkitərəfli münasibətlər iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə yeni layihələrlə daha da zənginləşmək potensialına malikdir. Şuşada səsləndirilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan və Slovakiya arasında münasibətlər perspektivli və dayanıqlı inkişaf xətti üzrə irəliləyir. Qarşılıqlı hörmətə, siyasi etimada və ortaq maraqlara söykənən bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq tərəfdaşlıq münasibətlərini ardıcıl şəkildə inkişaf etdirərək regionun etibarlı və nüfuzlu dövləti kimi mövqeyini daha da möhkəmləndirir.


Hüseynova Samirə Adəm qızı

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir