ABŞ-Azərbaycan strateji tərəfdaşlığına əsas əngəl aradan qalxa bilər
Xəbər verildiyi kimi, ABŞ Konqresində Azərbaycana yardım məhdudiyyətlərini ləğv etməklə bağlı qanun layihəsi təqdim edilib. Bu barədə Konqresin saytındakı məlumatda deyilir.
Layihə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində irəli sürülüb. Onun müəllifi Nümayəndələr Palatasının üzvü Luna Anna Paulinadır.
Söhbət, təbii ki, Azadlığı Müdafiə Aktına bədnam “907-ci düzəliş”dən gedir. Hansının qüvvəsi ki, bu il prezident Donald Tramp tərəfindən bir illiyinə dayandırılıb. Ancaq onun tam ləğvini parlament reallaşdıra bilər.
Bir qayda olaraq ermənipərəst mövqe tutan Konqres nəhayət, üzünü Azərbaycana tutacaqmı? Xanım Anna Paulinanın təşəbbüsü hara kimi irəliləyə, Bakı hansı nəticəyə ümid edə bilər? Düzəlişin həmişəlik aradan qaldırılması Azərbaycana, Azərbaycan-ABŞ əlaqələrinə konkret hansı üstünlüklər vəd edir?

Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Konqresinin 1992-ci ilin noyabrında qəbul etdiyi Azadlığa Dəstək Aktı adlandırılan “907-ci düzəliş” ədalətsiz bir qərardır və tamamilə ləğv edilməlidir: “O zaman ABŞ Konqresində erməni lobbisinin təsiri altında olan Konqres üzvləri işğala məruz qalmış Azərbaycana qarşı həmin sanksiyanı qəbul etdilər. Bu addım Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına qarşı mənfi bir tendensiyanı özü ilə gətirdi. ”907-ci düzəliş” sülhə və sabitliyə qarşı sənədə çevrildi, 10 illər boyu münaqişə davam etdi. Əslində beynəlxalq hüquqa görə ABŞ Konqresi işğalçı Ermənistana qarşı sanksiya tətbiq etməli idi. Ancaq təəssüf ki, işğala məruz qalan tərəfə qarşı sanksiya qəbul etdilər. 2001-ci il 11 sentyabr terrorundan sonra ABŞ beynəlxalq terrorizmlə mübarizəni özünün əsas prioriteti hesab etdiyindən və Azərbaycanın da dəstəyinə ehtiyac duyduğundan məhz bu sanksiyanın fəaliyyəti prezident sərəncamı ilə hər il olmaqla qüvvədən salınmış oldu. Amma bütün hallarda Konqresin qəbul etdiyi sənəd Prezident fərmanı ilə deyil, Konqresin özü tərəfindən ləğv olunmalıdır. Co Bayden administrasiyası tərəfindən ədalətsiz olaraq yenidən “907-ci düzəliş” 2022-2023-cü illərdə aktivləşdirildi və bu addım ABŞ-la Azərbaycan arasında münasibətləri gərginləşdirdi. Donald Tramp administrasiyası isə ölkəsinin bu yanlışını düzəltmək üçün addımlar atmağa başladı və bu ilin 8 avqustunda Vaşinqtonda Prezidentlər arasında keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıqla bağlı razılaşma əldə olundu. Donald Trampın sərəncamı ilə “907-ci düzəliş”in fəaliyyəti 1 illiyinə dayandırıldı”.
O.Qasımov qeyd etdi ki, indi isə bunun ardınca ABŞ Konqresinin Nümayəndələri Palatasının üzvü tərəfindən irəli sürülən müsbət təşəbbüs “907-ci düzəliş”in Konqresin özü tərəfindən ləğv olunmasını nəzərdə tutur: “Bu təşəbbüsün Trampın istəyi ilə gerçəkləşdiyi ehtimal oluna bilər. Lakin bu təşəbbüsə Konqresdə müqavimət olacağını düşünürəm. Çünki hazırda erməni lobbisinin ABŞ Konqresində təsir imkanları qalır. Ona görə də düzəlişin Konqresdə ləğvi kifayət qədər mürəkkəb prosedur olacaq. Amma məsələnin sonda bizim istədiyimiz kimi nəticələnməsi imkanları az deyil. Çünki bu düzəlişin ləğv olunmasını istəyən qüvvə Prezident Tramp və Respublikaçılardır. Düzəlişin ləğv olunmasına qarşı olan qüvvə isə Demokratlar Partiyasıdır ki, onlar da Konqresdə azlıq təşkil edir. Bu amil də düzəlişin ləğvi şanslarını artırır. Hər bir halda o sənədin ləğv olunması çox gərgin iş tələb edəcək. Ona görə də hesab edirəm ki, ”907-ci düzəliş”in yaxın dövrdə Nümayəndələr Palatası tərəfindən ləğv olunması ciddi bir uğur ola bilər”.
Politoloqun fikrincə, “907-ci düzəliş” Konqres tərəfindən həmişəlik aradan qaldırılması Azərbaycan-ABŞ əlaqələrinin strateji, hərbi sahələri əhatə edən səviyyəyə yüksəlməsinə təkan verə bilər. Eyni zamanda, ABŞ-ın Azərbaycana silah satışı, müəyyən yardımlar etməsi üçün maneə aradan qalxmış olar”.




