Bakı, 9 dekabr, Elmir Səftərov, AZƏRTAC
Hər il keçirilən Qlobal Bakı Forumu sülhü və dialoqu təşviq edir. Hazırda qlobal sülh və dialoq bizim üçün böyük əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Serbiyanın sabiq Prezidenti Boris Tadiç söyləyib.
Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlığın uzun illər ərzində möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdıran sabiq Prezident deyib: “Bu tərəfdaşlığın formalaşması prosesində iştirak etmişəm və bununla fəxr edirəm”.
Boris Tadiç, həmçinin qeyd edib: “Bizi birləşdirən əsas prinsiplərdən biri beynəlxalq hüquqa sadiqlik idi. Həmçinin iki mühüm məsələ – Kosovo və Qarabağ ölkələrimiz arasında qarşılıqlı anlayışı və həmrəyliyi daha da gücləndirirdi. Bu gün də tərəfdaşlığımız uğurla inkişaf edir. Məmnunam ki, Serbiyanın hazırkı rəhbərliyi də bu ənənəni ardıcıl şəkildə davam etdirir”.



