MƏSƏLƏ YAYLIQ DEYİLMİŞ… MƏSƏLƏ DAHA DƏRİNMİŞ!
Dünən məktəblərdə baş verənlər bir daha göstərdi ki, söhbət təkcə geyimdən, yaylıqdan, inancdan getmir. Məktəblərdə yaranan qarşıdurmalar, əgər faktlarla təsdiqlənərsə, məsələnin arxasında hansı niyyətlərin dayandığı barədə ciddi suallar doğurur.
İnanc insanın vicdanında yaşayar, dövlətə qarşı qarşıdurma yaratmaq üçün vasitəyə çevrilməz!
Heç kimin dini inancına hörmətsizlik etmək olmaz. Amma dini hisslərdən istifadə edərək uşaqları qarşıdurmanın ortasına atmaq, təhsil mühitində gərginlik yaratmaq, qanun qarşısında məsuliyyəti unutmaq da qəbuledilməzdir.
Məktəb meydan deyil, təhsil ocağıdır. Uşaq ideoloji mübarizənin aləti yox, gələcəyin sahibidir!
Vahid məktəbli forması məsələsində dövlətin məqsədi təhsil mühitində vahid qayda yaratmaqdırsa, bu qaydaya hörmət edilməlidir. Narazılıq varsa, onun yolu dağıdıcılıq, təhqir və qarşıdurma deyil — hüquqi müstəvidə müzakirədir.
Dövlətçilik hissi yalnız bayraq qaldıranda deyil, dövlətin qanunlarına hörmət edəndə də görünür.
Məni ən çox düşündürən budur: övladlarımızı hansı düşüncə ilə böyüdürük? Onlara qanuna hörmət etməyi, fərqli fikirlə dinc yaşamağı öyrədirik, yoxsa hər qaydanı qarşıdurma səbəbinə çeviririk?
Dövlətə sevgi kor-koranə itaət deyil. Dövlətə sevgi onun sabitliyini, qanunlarını, gələcəyini qorumaq məsuliyyətidir.
İnanc bəhanə, uşaqlar vasitə, məktəb qarşıdurma meydanı olmamalıdır!
Millət olaraq ən böyük bəlamız fərqli düşünmək deyil, düşünmədən başqalarının ardınca getməkdir.
Şəfəq Ağacan
Xeberde.az




