Kriminal

SON DƏQİQƏ! Bakıda və rayonlarda əməliyyatlar – DİN gizli narkoşəbəkəni belə çökdürdü

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı növbəti genişmiqyaslı silsilə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Son 3 gündə paytaxtda və müxtəlif rayonlarda keçirilən əməliyyatlar nəticəsində onlarla şəxsin qanunsuz əməllərinin qarşısı alınıb, külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.

Siyəzən Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər götürülüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Onların üzərindən və yaşadıqları ünvanlardan ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar olunub.

Hacıqabul Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olan M.Nəzərov saxlanılıb. Onun evinin həyətindən xüsusi aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 47 ədəd çətənə kolu və 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı və Gəncə şəhərlərində təşkil edilən xüsusi əməliyyatlar zamanı E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov və İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar. Dövriyyədən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb çıxarılıb. Araşdırmalar göstərib ki, bu şəxslər xaricdəki narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin paylanmasını təşkil edirmişlər.

Analoji fakt Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi tərəfindən də qeydə alınıb. Saxlanılan E.Eminovdan 36 kiloqram narkotik vasitə götürülüb. Onun maddələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından aldığı və paytaxtın müxtəlif ünvanlarına çatdırmağı planlaşdırdığı bəlli olub.

Qax Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyatla H.Həsənov və A.Qurbanov saxlanılıb, onlardan satış məqsədilə əldə etdikləri 7 kiloqramdan artıq narkotik vasitə götürülüb. Oğuz Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı isə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıblar. Həmin şəxslərdən narkotik vasitələrlə yanaşı, kultivasiya etdikləri bitkilər və qanunsuz odlu silahlar da aşkar edilib.

Sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, Daxili İşlər Nazirliyinin yaydığı son rəsmi məlumatları sadəcə xəbər kimi oxuyub keçmək olmaz: “Söhbət Siyəzəndə tutulan 6 kiloqramdan və ya Hacıqabulda dibçəkdə, həyətdə kol əkən bir-iki nəfərdən getmir. Ümumi rəqəmə diqqət yetirin – 130 kiloqramdan çox ağır narkotik vasitə, minlərlə psixotrop həb, üstəlik silah-sursat! Bu nə deməkdir?

Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin keçirdiyi əməliyyatlarda konkret faktlar var. Tutulanlar etiraf edirlər ki, “mal”ı sosial şəbəkələr (“Telegram”, “İnstagram” və s.) üzərindən xaricdə oturan şəxslərdən alıblar. Hətta tutulanlar arasında İran vətəndaşı da var. Bu gün xarici xüsusi xidmət orqanları ilə əlbir olan narkobaronlar birbaşa gənclərimizi hədəf alıblar. Onlar sosial şəbəkələrdə asan qazanc vədi ilə yerli kuryerlər tapır, onları şəbəkəyə cəlb edirlər. Xəzər rayonunda bir nəfərdən təkbaşına 36 kiloqram narkotik çıxırsa, bu o deməkdir ki, həmin şəxs sadəcə “istehlakçı” deyil, paytaxt üzrə narkotik paylayıcı qovşaq xidməti göstərir”.

Sabiq polis rəisi əməliyyatların xəritəsinə də diqqət çəkib: “Siyəzən, Quba, Qax, Oğuz, Hacıqabul, Bakı və Gəncə… Narkotik təhlükəsi sərhəd bölgələri ilə məhdudlaşmır. Qubada 2 nəfərdən 19 kiloqram, Qaxda 7 kiloqram tutulur. Bu onu göstərir ki, narkotacirlər tranzit marşrutlarını dəyişməyə, daxili bazarda paylama şəbəkəsini şaxələndirməyə çalışırlar. Regional polis şöbələrinin operativliyi nəticəsində bu zəncir qırılıb, amma təhlükənin miqyası kiçik deyil. Oğuz rayonundakı əməliyyat xüsusilə diqqət çəkir. Orada təkcə narkotik vasitələr və çətənə kolları deyil, eyni zamanda qanunsuz odlu silahlar ələ keçirilib. Hüquq-mühafizə təcrübəsi göstərir ki, narkotik alveri silahlanma ilə birləşdisə, orada artıq quldur dəstələri, mütəşəkkil cinayətkar qruplaşmalar formalaşır. Narkotik satan adam silah gəzdirirsə, o, sabah hüquq-mühafizə orqanı əməkdaşına da, sadə vətəndaşa da atəş açmağa hazırdır”.

Sabiq polis rəisi deyib ki, DİN əməkdaşlarının, xüsusən Baş Narkotiklərlə Mübarizə İdarəsinin operativ-axtarış işini yüksək qiymətləndirmək lazımdır: “Bu əməliyyatlarla onlarla insanın zəhərlənməsinin, yüzlərlə ailənin dağılmasının qarşısı alınıb. Bütün faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb və məhkəmələr tərəfindən həbs qətimkan tədbirləri seçilib. Qanunvericilik burada maksimum sərt olmalıdır. Əvvəllər məhkum olunmuş şəxslərin  yenidən bu işə qayıtması isə cəza-icra sistemində və reabilitasiya məsələlərində də nəzarətin daha da gücləndirilməsini tələb edir. Bu bəlanın kökünü kəsmək mümkün deyil. Bəli, polis tutur, cəmiyyətdən təcrid edir. Amma maarifləndirmə, valideyn nəzarəti və virtual aləmdəki monitorinqlər gücləndirilməlidir. Valideynlər övladlarının sosial şəbəkələrdə kimlərlə yazışdığına, haradan qəfildən pul qazandığına diqqət yetirməlidirlər. Bu gün narkotiklə mübarizə hər bir vətəndaşın işi olmalıdır”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir